ABŞ-də aralıq seçkilər Trampın siyasi gələcəyinə necə təsir edəcək?

ABŞ-də aralıq seçkilər Trampın siyasi gələcəyinə necə təsir edəcək?

“ABŞ-da siyasi hakimiyyət uğrunda iki partiya – Respublikaçılar və Demokratlar Partiyası mübarizə aparır. İstər prezident, istərsə də Konqres seçkilərində bu partiyalar arasında ciddi rəqabət müşahidə olunur. Ölkədə siyasi hakimiyyətin formalaşmasında hər iki partiyanın mühüm rolu var. Konqres ABŞ-nin ictimai-siyasi proseslərinə, eləcə də ölkənin daxili və xarici siyasətinə birbaşa təsir göstərmək imkanına malik olan hakimiyyət qollarından biridir. Donald Trampın həm xarici, həm də daxili siyasətində yol verdiyi uğursuzluqlar Respublikaçılar Partiyasına qarşı etimadsızlığın artmasına səbəb olub. Aparılan sorğulara əsasən, Trampın reytinqi 30-35 faizədək geriləyib. Təbii ki, bu vəziyyət Konqresə keçiriləcək aralıq seçkilərində respublikaçıların reytinqinə və seçicilərin mövqeyinə də təsir göstərir. Trampın İran və Ukrayna ilə bağlı siyasətindəki yanaşmalar ABŞ ictimaiyyətində ciddi narazılıq yaradıb. Bildiyiniz kimi, İrana qarşı həyata keçirilən əməliyyatlar nəticəsində dünyada enerji böhranı yaranıb. Bu böhran müəyyən dərəcədə ABŞ-a da təsir edib. Ölkədə enerji daşıyıcılarının və yanacağın qiymətinin artması əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarıb. Demokratlar isə yaranmış vəziyyətdən Respublikaçılar Partiyasına qarşı istifadə edirlər”.

Bu fikirləri siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, ABŞ-də noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri ölkənin gələcək siyasi mənzərəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səsvermənin nəticələri Konqresdə siyasi balansın dəyişməsinə və Prezident Donald Trampın hakimiyyətinin qalan dövründə həyata keçirəcəyi siyasətə təsir edə bilər. Seçkilərin nəticələri respublikaçılar və demokratlar arasındakı qüvvələr nisbətini müəyyənləşdirməklə yanaşı, administrasiyanın qanunvericilik təşəbbüslərinin reallaşdırılması imkanlarına da təsir göstərə bilər. Bununla yanaşı, Vaşinqtonun xarici siyasət prioritetləri, xüsusilə İranla münasibətləri və beynəlxalq məsələlərə yanaşması da diqqət mərkəzindədir. Bu şəraitdə ABŞ-də ictimai əhval-ruhiyyənin və siyasi rəqabətin seçkilərin nəticələrinə necə təsir edəcəyi maraq doğurur.

Siyasi şərhçi bildirib ki, demokratlar Tramp administrasiyasının siyasətindən qaynaqlanan problemlərdən istifadə edərək aralıq seçkilərində respublikaçılar üzərində qələbə qazanmağa çalışırlar.

“Bununla belə, ABŞ-ın strateji xətti dəyişməz olaraq qalır. İstər demokratlar, istərsə də respublikaçılar hakimiyyətdə olsun, ölkənin əsas strategiyası qorunur, dəyişən isə həmin strategiyanın həyata keçirilməsi üçün seçilən taktikalardır. Konqresə keçirilən aralıq seçkiləri növbəti prezident seçkilərinə hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər. Əgər demokratlar bu seçkilərdə qələbə qazanarlarsa, gələcək prezident seçkilərində də uğur əldə etmək ehtimalları arta bilər. Trampın siyasəti ABŞ-nin beynəlxalq nüfuzuna da ciddi zərbə vurub. Onun müttəfiqlərinə münasibəti, Kanada və Qrenlandiya ilə bağlı mövqeyi, eləcə də NATO daxilində fikir ayrılıqlarının dərinləşməsi Vaşinqtonun tərəfdaşları ilə münasibətlərində problemlər yaradıb. Yaxın Şərqdə, xüsusilə İsrailə dəstək siyasəti və Qəzzada baş verən hadisələr fonunda tutduğu mövqe də ABŞ-nin beynəlxalq imicinə mənfi təsir göstərib. Amerikalı ekspertlər arasında İranla bağlı hərbi əməliyyatların İsrailin təzyiqi nəticəsində başladıldığına dair fikirlər də səsləndirilib. Bəzi ekspertlər daha irəli gedərək ABŞ-nin İsrailin təsiri altında hərəkət etdiyini iddia ediblər. ABŞ-da yəhudi lobbisinin siyasi və maliyyə imkanları da diqqət çəkən məsələlərdəndir. Bu lobbi həm demokratlara, həm də respublikaçılara dəstək göstərə bilir. Əsas məqsədlərindən biri isə İsrailin maraqlarının və siyasətinin dəstəklənməsidir. Hər iki partiyanın hakimiyyətdə olduğu dövrlərdə ABŞ-nin Yaxın Şərq siyasətində müəyyən strateji davamlılıq müşahidə olunur. Trampın xarici siyasəti nəticəsində ABŞ-nin beynəlxalq nüfuzuna dəyən zərər demokratların siyasi təbliğatında əsas mövzulardan birinə çevrilib. Kanada və Ukrayna ilə münasibətlər, NATO daxilində yaranan narazılıqlar, eləcə də İranla bağlı hərbi əməliyyatlarda Avropa müttəfiqlərinin ABŞ-a dəstək verməməsi Vaşinqtonla tərəfdaşları arasında fikir ayrılıqlarını üzə çıxarıb. Tramp hətta müttəfiqlərini yaranmış qarşıdurmada ABŞ-ı tək buraxmaqda ittiham edib. İranla bağlı razılaşmanın əldə olunmaması, Hörmüz boğazı ətrafında gərginliyin artması və bunun dünya enerji bazarına təsirləri də Tramp administrasiyasına qarşı təzyiqləri gücləndirib. Hörmüz boğazı ətrafında yaranan problemlər enerji daşıyıcılarının dünya bazarına çıxarılmasına maneələr yaradıb. Bu vəziyyət respublikaçıların siyasi imicinə əlavə zərbə vurur. Beləliklə, Trampın həm xarici, həm də daxili siyasəti ABŞ ictimaiyyətində mənfi rəyin formalaşmasına səbəb olub. İlkin rəy sorğuları da demokratların Konqres seçkilərində uğur qazanmaq ehtimalının yüksək olduğunu göstərir. Əgər demokratlar Konqresdə əhəmiyyətli üstünlük əldə etsələr, Trampın impiçmenti məsələsi yenidən gündəmə gələ bilər. Bu halda onun həm daxili, həm də xarici siyasətinə qarşı təzyiqlərin artacağı gözlənilir. Demokratların Konqresdə qələbəsi gələcək prezident seçkilərində partiyanın namizədinin şanslarını da yüksəldə bilər. Hesab edirəm ki, demokratlar Konqres seçkilərində qələbə qazansalar, Trampın impiçmenti məsələsi ciddi şəkildə müzakirə oluna bilər. Bu, onun prezidentlik müddətinin vaxtından əvvəl başa çatması ehtimalını da gündəmə gətirər. Bütün bunlar Trampın uğursuz siyasətinin nəticəsidir. Onun hakimiyyətə gələndə sülhü və əmin-amanlığı təmin edəcəyi, müharibələri dayandıracağı ilə bağlı verdiyi vədlər sonrakı hadisələrin fonunda ciddi suallar doğurur. Hakimiyyətə gəldikdən sonra isə dünyada xaosun daha da dərinləşdiyi müşahidə olunur. Venesuelada, Qəzzada, İran ətrafında və Ukraynada baş verən hadisələr bu baxımdan diqqət çəkir. Tramp Ukraynada münaqişəni qısa müddətdə dayandıracağını bəyan etsə də, bu vəd reallaşmayıb. Nəticədə ABŞ ictimaiyyətində onun siyasətinə münasibətdə narazılıq yaranıb. Trampın tez-tez dəyişən bəyanatları da onun siyasi kursunun qeyri-müəyyən olduğu barədə fikirləri gücləndirir. Səhər verdiyi bəyanatın ardınca gün ərzində tamamilə fərqli mövqe sərgiləməsi həm ölkə daxilində narazılıq yaradır, həm də ABŞ-nin beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Bu baxımdan hesab edirəm ki, demokratların aralıq seçkilərində qələbə qazanmaq ehtimalı yüksəkdir”.

Rəfiqə Namazəliyeva

Mənbə: www.aznews.az