ABŞ prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp atasına İranla müharibənin seçkiqabağı vədlərlə ziddiyyət təşkil etdiyini deyib.
Bu barədə “The Atlantic” jurnalı mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, kiçik Donald Tramp şəxsi söhbətlərində İrana qarşı müharibəyə etiraz edir və narahatlığını birbaşa atasına çatdırır. Bununla belə, o, prezidentin siyasətini açıq şəkildə tənqid etməkdən çəkinir. Tramp seçki kampaniyası zamanı Yaxın Şərqdə yeni münaqişələrdən yayınacağına söz vermişdi.
Jurnal xatırladır ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens də fevral ayında İsrailin hərbi əməliyyatlarına qoşulmaq məsələsi müzakirə olunarkən, özəl söhbətlərində müharibənin başlanmasına qarşı çıxıb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ dövlət katibi Marko Rubio da İsrailin Baş naziri Benyamin Netanyahunun fevralda Tehrana qarşı əməliyyatın həyata keçirilməsinin real olduğu barədə fikirlərinə şübhə ilə yanaşıblar.
Qeyd edək ki, oktyabr ayında "Research Center" tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 65 faizi Trampın İranla münaqişəni idarə etmə üsulunu bəyənmir.
Sorğuda iştirak edənlərin təxminən yarısı müharibənin bir ildən çox davam edəcəyini gözləyir.
Mənbə: publika.az