İsraildə seçkiləri BAŞLADI: Knessetin yeni tərkibi müəyyənləşir

İsraildə seçkiləri BAŞLADI: Knessetin yeni tərkibi müəyyənləşir

İsraildə parlament seçkiləri ilə əlaqədar yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) səsvermə məntəqələri açılıb.

Musavat.com xəbər verir ki, seçkilərin nəticələrinə əsasən 26-cı çağırış Knessetin yeni tərkibi müəyyənləşəcək, daha sonra isə hökumət koalisiyasının formalaşdırılması prosesi başlayacaq. Danışıqlar uğurla yekunlaşacağı təqdirdə yeni nazirlər kabineti və baş nazir and içəcək.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 7,3 milyon vətəndaş səsvermə hüququna malikdir.

Ölkə ərazisində ümumilikdə 12 018 məntəqə fəaliyyət göstərir.

Məntəqələr saat 22:00-dək (Bakı vaxtı ilə gecə yarısına qədər) açıq olacaq. Qapılar bağlandıqdan dərhal sonra ekzitpolun nəticələri açıqlanacaq və səslərin sayılmasına başlanılacaq.

Seçkilərdə iştirak etmək üçün 30-dan çox siyasi partiya qeydiyyatdan keçib. Seçki baryeri 3,25 faiz təşkil edir.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri oktyabrın 29-da elan edəcəyi, yekun göstəricilərin isə ən geci noyabrın 4-dək rəsmən dərc olunacağı gözlənilir. Rəsmi nəticələr açıqlandıqdan sonra ölkə prezidenti İsxak Hersoq Knessetə keçən partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq və deputatlardan birinə yeni hökuməti formalaşdırmağı tapşıracaq.

Rəy sorğularına əsasən, mübarizənin əsas fazası baş nazir Binyamin Netanyahunun "Likud" partiyası ilə Baş Qərargahın keçmiş rəisi Qadi Ayzenkotun "Yaşar" partiyası arasında gedir. Hər iki siyasi qüvvənin parlamentdə 20-23 mandat qazanacağı ehtimal olunur.

Mənbə: musavat.com