Siyasi müşahidəçilərin çoxu diqqəti daha çox Fransa üzərində cəmləyərkən biz yazırdıq ki, proses ümümavropa çalarları da ala bilər, çünki Avropanın hər şeyi birdirsə onun etirazları da bir olmalı və bu, özünü sosial-siyasi etirazlarda da göstərməlidir. İndi faktiki olaraq baş verir bunlar. Amma fatalist proqnozlardan və bir də eyforik sevincdən çəkinərdik. Ona görə ki, facəli bir şey olmayacaq, siyasət adamlarını bir az göylərdən yerə endirəcək.
İndi daha çox eyforiyaya qapılan Rusiyadır. O gün oxuyuram, biri belə bir şey yazıb ki, Avropa çıxdaş oldu, geopolitika artıq yalnız ABŞ-ın, Rusiyanın və Çinin sahəsidir. ABŞ-ı və Çini baş düşdük, Rusiya haradan bu cərgəyə düşdü? Birinci səbəb budur ki, Ukrayna müharibəsində Kremlə ən çox mane olan Avropadır.
İkincisi, Avropa cəm olaraq indi-indi xarici siyasət məsələlərinə baş vurur. Hələ bilmək olmaz kim bundan sonra geopolitikada söz sahibi olacaq. Belədəsə, normal, demokratik düşüncəli adamlar heç vaxt sevməz bu geoplitika sözünü, ən azı ona görə ki, o, faşistlər arasında da çox işlək termin-anlayış idi, hətta səhv etmirəmsə, Gebbelsin belə bir jurnalı da vardı. Odur ki, nəticələrlə tələsməyək. İndi dünyanın konfiqurasiyası dəyişir, iqtisadi-texnoloji inkişaf daha Qərbdə cəmləşməyib, Şərq də önə keçəməyə cəhd edir – mən, əlbəttə, Uzaq Şərq ölkələrini nəzərdə tuturam. Burada bir maraqlı, hətta gülməli məqam var. Dinlərin çoxu bütpərəstliyə pis baxır, onu hətta gerilik kimi qəbul edir. Amma baxın, görün, bütpərəst ölkələr necə böyük sıçrayış edirlər, öz inkişafları ilə Veberin məşhur nəzəriyyəsini də bir heç edirlər.
Amma Avropa da artıq arxada qalan seqment deyil. Çoxdan oxumuşam, bəzi detallarını unutmuşam, amma Bjezinski də səhv etmirəmsə, özünün məşhur əsərində Avropaya xüsusi önəm verirdi, hətta Avropaya kim nəzarət edəcəksə, dünyaya da o, nəzarət edəcək yazırdı. Elə indinin özündə ABŞ-ın gücü Avropaya nəzarət etməsində deyilmi? Hərçənd, cənab Tramp bunu baş düşmək istəmir, amma bu, həqiqətən də belədir.
Həm də geopolitika, dünyaya nəzarət etmək elə belə şey deyil. Ötən əsrin ikinci yarısından başlayaraq Qərb, ABŞ bunun üçün xüsusi infrastruktur yaradıb, bunun təsisatlarını qurub. Çin indi-indi buna cəhd edir, özü də altdan-altdan. Rusiyaya gəldikdə onun da belə infrastrukturu yoxdur, bunlar bir şey bilir: gənc və hələ zəif post-sovet ölkələrini qorxu altında saxlamaq. İqtisadi vəziyyətləri sovetinkindən effektiv durumda olsa da nikbin proqnozlar üçün ümidli deyil.
O gün bizimkilərdən birinin yazısında oxudum ki, Azərbyacan geosiyasi oyunlara qatılmalıdır. Birincisi, geosiyasəti oyun adlandırmaq o qədər də düzgün deyil; bəlkə də oyundur, amma çox təhlükəli oyundur. İkincisi, zəifinki humanizmdir, demokratiyadır, bu, olsa zəif də yaşayacaq, ayaq üstə qalacaq, olmasa, taleyindən küssün, bir də gördün “geosiyasi oyun”lara qatılıb ayaqlar altında qalıbdır.
Azərbaycan indi bloklara qoşulmamaq siyasəti yürüdür. Bu təşkilat dünyada BMT-dən sonra səhv etmirəmsə, ikinci təşkilatdır. Deməli, dünyada belə şey də var, heç də hamı məkrli geosiyasi oyunların həvəskarı deyil, hərçənd, hərdən özümüzünkülər də bunu unudur. Məsələn, Məkkə sazişi imzalananda biri soruşdu ki, bəs Azərbaycan da buna qoşulacaqmı, başqa birisi hətta təəccüblə dedi ki, bəs Azərbaycan niyə orada yoxdur? Az adam xatırlatdı ki, bəs Bakı qoşulmama hərəkatının üzvüdür, hərbi bloklar bizlik deyil. Bunun özü də bizi “geosiyasi oyunlar”dan çəkindirən məqamdır...
O ki qaldı Avropaya, əsrin əvvəlində məşhur bir əsər də vardı, “Avropanın qürubu” (O.Şpenqler). Amma nə oldu? Avropa böyük sınaqlardan çıxdı və ayaq üstə qaldı. Düzdür, Çin böyük möcüzələr edir. O gün oxuyuram ki, bu ölkənin alimlərinə ən çox istinadlar olur. Deyə bilmərəm, bəlkə də yaxın gələcəkdə Nobel daha çox Çin alimlərinə veriləcək, amma hələ belə şey yoxdur. Ümumiyyətlə, böyük ümumiləşmələr həmişə mübahisəli olur. Yadınıza salın Fukuyamanın “Tarixin sonu” əsərini. Nə oldu? Liberalizm qalib oldu, amma müvəqqəti, qısa müddətə. Yenə də dini, milli, mühafizəkar cəryanlar önə keçməyə başladı, ziddiyyətlərə daha dərin məzmun verildi: guya onlar sivilizasiyalar arasındakı fərqlərdən yaranır. Bəzən hətta belə bir şey də tamam unudulur ki, hamımız Yer adlı planetin sakinləriyik, bir meqa -sivilizasiyanın təmsilçiləriyik...
Hüseynbala Səlimov
Mənbə: musavat.com