Prezidentin mesajının pərdəarxası - Bizə dərs vermək istəyənlər...

Prezidentin mesajının pərdəarxası -

Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı ölkəmizin dövlətçilik fəlsəfəsini, milli ideologiyasını və beynəlxalq mövqeyini birləşdirən mühüm mesajlarla yadda qaldı. Bu mesajların mərkəzində Azərbaycan xalqının birliyini təmin edən azərbaycançılıq ideologiyası, suverenliyin qorunması, sülhün təşviqi və Azərbaycanın qlobal miqyasda artan nüfuzu dayanır.

Azərbaycan “ikili standartlar”ı ittiham edir

Azərbaycançılıq ideologiyası Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynayan fundamental ideoloji sistemdir. Heydər Əliyevin rəhbərliyi dövründə bu ideyanın mahiyyəti, fəlsəfi əsasları və cəmiyyətin inkişafındakı rolu ətrafında aparılan müzakirələr onun elmi-siyasi konsepsiya kimi formalaşmasına və dövlətçilik düşüncəsinin əsasına çevrilməsinə mühüm töhfə verdi. Bu ideologiya xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və müstəqil dövlətçilik iradəsini vahid məfkurədə birləşdirdi.

Azərbaycançılığın əsas üstünlüyü onun birləşdirici və qurucu mahiyyətindədir. Bu ideya ölkəmizdə yaşayan bütün etnik qrupları, azsaylı xalqları və dini icmaları ortaq vətən, ümumi dövlətçilik və vahid gələcək naminə bir araya gətirir. Burada müxtəliflik milli birliyə maneə deyil, cəmiyyətimizin zənginliyidir. Məhz bu yanaşma Azərbaycanı fərqli mədəniyyətlərin qarşılıqlı hörmət şəraitində yaşadığı, milli həmrəyliyin dövlət siyasətinin mühüm dayaqlarından birinə çevrildiyi ölkə kimi səciyyələndirir.

Azərbaycançılıq bu gün də cəmiyyətimizin ideoloji bütövlüyünü qoruyan, dövlətlə xalq arasındakı bağlılığı gücləndirən canlı məfkurədir. Milli birliyimizin möhkəmliyi ölkəmizin təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda cəmiyyətin parçalanmasına yönələn ciddi daxili risklərin mövcud olmaması milli həmrəyliyin gücünü göstərir. Bununla belə, müasir dünyada təhdidlər yalnız fiziki müdaxilə və hərbi təzyiqlə məhdudlaşmır. İnformasiya müharibələri, ideoloji təsir cəhdləri və başqa dövlətlərin daxili proseslərinə müdaxilə təşəbbüsləri də müstəqillik üçün ciddi çağırışlara çevrilib. Əgər əvvəlki dövrlərdə təzyiqlər daha çox hərbi və siyasi vasitələrlə həyata keçirilirdisə, indi ideoloji müdaxilə də dövlətlərin təhlükəsizliyinə təsir göstərən amillər sırasındadır.

Bu reallıq dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinin qorunmasını daha da vacib edir. Azərbaycan öz inkişaf yolunu, milli prioritetlərini və dövlətçilik modelini müstəqil şəkildə müəyyənləşdirir. Ölkəmizə kənardan dərs verməyə çalışanlar başqalarının daxili işlərinə müdaxilə etmək əvəzinə, əvvəlcə güzgüdə özlərinə baxmalı, öz cəmiyyətlərindəki problemlərin həllinə diqqət yetirməlidirlər. Beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin təməli məhz budur, hər bir dövlətin suveren seçiminə hörmət etmək və eyni prinsipləri özünə də tətbiq etmək.

Azərbaycanın müasir tarixində milli birliyin və müstəqil siyasi iradənin əhəmiyyəti Ermənistanın təcavüzünə qarşı mübarizə zamanı xüsusilə aydın göründü. Ölkəmiz uzun illər ərazilərinin işğalı ilə üzləşdi, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini gözlədi. Lakin beynəlxalq münasibətlər sistemindəki ikili standartlar və qərarların icrasındakı iradəsizlik münaqişənin uzanmasına şərait yaratdı. Nəticədə Azərbaycan öz gücünə, milli həmrəyliyinə və dövlətçilik potensialına arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Bu təcrübə müharibələrin qarşısının alınması və sülhün təmin olunması baxımından mühüm dərslər ehtiva edir. Münaqişələrə yol açan əsas amillərdən biri özünü başqalarından üstün tutmaq, digər xalqların hüquqlarını nəzərə almamaq və törədilən əməllərə görə cəzasız qalacağına inanmaqdır. Beynəlxalq hüquq hamı üçün eyni şəkildə tətbiq edilmədikdə, sülhə olan inam zəifləyir və yeni qarşıdurmalar üçün zəmin yaranır. Azərbaycanın təcrübəsi göstərir ki, davamlı sülh suverenliyə hörmət, ədalətli yanaşma, real siyasi iradə və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi əsasında qurulmalıdır.

Bu baxımdan BMT və onun Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı yaşanan problemlər xüsusi diqqət çəkir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin uzun müddət icrasız qalması beynəlxalq təşkilatların qərarlarının real nəticələrə çevrilməsi məsələsini gündəmə gətirdi. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə beynəlxalq sistemin bu çatışmazlıqlarına diqqət çəkməsi də prinsipial mesaj idi. Beynəlxalq təşkilatların nüfuzu qəbul etdikləri sənədlərin sayından deyil, onların həyata keçirilməsini təmin etmək qabiliyyətindən asılıdır. Azərbaycan bu məsələni öz təcrübəsi əsasında qlobal müzakirələrin mühüm istiqamətlərindən birinə çevirir.

Azərbaycan İslam dünyası ilə münasibətləri üst səviyyədə saxlamaq istəyir"

Müstəqilliyinin bərpasından ötən 35 ilə yaxın müddətdə Azərbaycanın keçdiyi inkişaf yolu ölkəmizin dəyişən imkanlarını və yüksələn beynəlxalq mövqeyini nümayiş etdirir. Dövlət quruculuğu, iqtisadiyyat, müdafiə qabiliyyəti, infrastruktur və diplomatiya sahələrində əldə edilən nailiyyətlər Azərbaycanın regional gücdən beynəlxalq proseslərdə çəkisi artan dövlətə çevrilməsinə şərait yaradıb. Ölkəmiz enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələrlə yanaşı, mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın genişlənməsində də fəal rol oynayır. Bakının müxtəlif beynəlxalq təşkilatların və siyasi platformaların tədbirlərinə ev sahibliyi etməsi bu nüfuzun konkret göstəricisidir. İslam Əməkdaşlıq Təşkilatının 2027-ci ildə Azərbaycanda keçiriləcək sammiti ölkəmizin müsəlman dünyasındakı mövqeyini və əməkdaşlıq imkanlarını daha da möhkəmləndirəcək. Son dövrlərdə SİCA çərçivəsində keçirilən sammitlərdə Azərbaycanın iştirakı, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin tədbirinə ev sahibliyi planı ölkəmizin müxtəlif siyasi və mədəni məkanlarla qurduğu əlaqələrin miqyasını göstərir.

Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Bunun üçün ölkəmizdə zəruri siyasi sabitlik, inkişaf etmiş infrastruktur, təşkilati təcrübə və beynəlxalq tərəfdaşlarla işləmək imkanları mövcuddur. Daha mühümü isə Azərbaycanın fərqli maraqları və baxışları olan tərəfləri dialoq masası ətrafında birləşdirmək potensialıdır. Bu, ölkəmizin yalnız coğrafi mövqeyindən deyil, ardıcıl siyasətindən, etibarlı tərəfdaş kimi formalaşmış reputasiyasından və artan beynəlxalq nüfuzundan qaynaqlanır.

Prezident İlham Əliyevin forumdakı çıxışının mahiyyəti də məhz bu istiqamətlərin vəhdətində üzə çıxır. Azərbaycançılıq xalqımızın birliyini təmin edir, suverenlik müstəqil inkişafımızın əsasını təşkil edir, tarixi təcrübəmiz sülhün və beynəlxalq hüququn əhəmiyyətini göstərir, artan nüfuzumuz isə ölkəmizin qlobal əməkdaşlıqda daha fəal iştirakına imkan yaradır. Heydər Əliyevin formalaşdırdığı milli ideologiya ilə İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasəti arasında mövcud olan varislik Azərbaycanın bugünkü uğurlarının mühüm dayağıdır.

Azərbaycan öz tarixi köklərinə söykənərək gələcəyə inamla irəliləyir. Milli həmrəyliyini qoruyan, suverenliyini təmin edən və beynəlxalq əməkdaşlığa açıq olan ölkəmiz mədəniyyətlərarası dialoqun, sülhün və qarşılıqlı hörmətin təşviqinə töhfə verməkdə davam edir. Bu, Azərbaycanın həm öz xalqı qarşısında məsuliyyətini, həm də beynəlxalq ictimaiyyətdə artan rolunu ifadə edən uğurlu dövlətçilik yoludur.

Cavanşir Abbaslı

Mənbə: musavat.com