Fransa Senatının anti-Azərbaycan mövqeyi dəyişmək bilmir. Bu dəfə fransız jurnalı “Journal de Dimanşe”də senator Qael Frontoninin şər-böhtan dolu məqaləsi dərc olunub.
Senator Frontoni üç ildir davam edən sərsəm təbliğatı davam etdirərək yazır ki, “2023-cü ilin sentyabr hadisələri əsas narahatlıqlardan biri olaraq qalır, çünki Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə gün ərzində yüz mindən çox erməni Qarabağı tərk etmək məcburiyyətində qalıb”.

Fransız senator ədalət hissini itirərək antiterror əməliyyatını belə təqdim edib, lakin bir mülki erməninin zərər çəkmədiyini etiraf etmək istəməyib.
Frontoni qeyd edib ki, “aylarla əziyyət çəkən insanlar evlərini, doğma kəndlərini, qohumlarının məzarlarını və hekayələri ilə əlaqəli yerləri tərk edərək miqrasiya yolunu tutublar. Miqrasiya yalnız sərhədləri keçməklə bağlı deyil. Sonuncunun nəticələri bir çox ailənin həyatında və dolanışıqlarında qalmaqda davam edir”.
Halbuki Azərbaycan reinteqrasiya proqramı qəbul edib, Xocalıda, Yevlaxda erməni icmasının nümayəndələri ilə danışıqlar aparılıb, sosial imtiyazlar nəzərdə tutulub və vətəndaşlığı qəbul etmək təklif olunub. Lakin onlar getməyi seçiblər və öz xoşu ilə bölgəni tərk ediblər.
Üstəlik, ermənilər köçərkən onlara hər bir şərait yaradılıb. Nədənsə, fransız senator da özü kimi digər ermənipərəstlərdən fərqli mövqedən çıxış etməyib və çeynənmiş cəfəng fikirləri məqaləsində vurğulayıb. Sadəcə, onu digərlərindən fərqləndirən cəhət senatorun Makron hökumətini qınamasıdır. Qeyd edib ki, Fransa ilə Ermənistan hərbi sahədə əməkdaşlıq etsələr də, prezident Makron “erməni əhalisinin kütləvi miqrasiyasının qarşısını ala bilməyib və erməni əsirlərinin azad edilməsi məsələsi həll olunmamış məsələ olaraq qalır”.

Sanki Fransa Azərbaycana təzyiq göstərməli, müdaxilə etməli və ermənilərin gedişinə əngəl olmalı imiş. Əvvəla, Makronun hər hansı mexanizmi mövcud deyildi ki, bu proseslərə qarışsın. İkincisi, ermənilər Qarabağdan zorla çıxarılmayıb ki, Fransa onların köməyinə gəlsin. Yəni tamamilə absurd yanaşmadır. Üstəlik, onun keçmiş xunta rejiminin həbsdə olan liderlərinin “siyasi girov” adlandırması da Avropa dəyərlərinə tüpürməkdir.
Frontoni hesab edir ki, Fransanın xarici siyasəti səs-küylü bəyanatlara deyil, real nəticələrə və insan həyatını qorumaq qabiliyyətinə əsaslanmalıdır: “Əgər Fransa prezidenti açıq şəkildə məsuliyyəti öz üzərinə götürürsə, bu o deməkdir ki, bu məsuliyyət həm də onu öz üzərinə götürdüyü şəxslərə qarşıdır. Müttəfiqlər Parisin ardıcıllığına əmin olmalıdırlar və təhdid edənlər bilməlidirlər ki, təhdidlər nəticəsiz qalmayacaq”.
Frontoni vurğulayıb ki, Ermənistana kömək etmək Fransa üçün təkcə siyasi deyil, həm də tarixi və mədəni əhəmiyyətə malikdir.

“Erməni kilsələri, monastırları, qəbiristanlıqları tarixi irsi məhv edilməməli olan xalqın əsrlər boyu mövcudluğuna dəlalət edir. Bundan əlavə, bir neçə nəsil erməni ailələri Fransa cəmiyyətinin tamhüquqlu üzvünə çevrilərək ölkənin həyatına əhəmiyyətli töhfələr veriblər”, - deyə senator sayıqlayıb.
Göründüyü kimi, Fransa Senatının üzvləri erməniləri müdafiə etmək, lobbinin sifarişini yerinə yetirmək üçün separatizmi dəstəkləyirlər. Xatırladaq ki, 2024-cü ildə Senat Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Emil Salamoğlu
Mənbə: musavat.com