Azərbaycanda yeni hərbi sayt fəaliyyətə başlayıb

Azərbaycanda yeni hərbi sayt fəaliyyətə başlayıb

Azərbaycanda yeni hərbi sayt fəaliyyətə başlayıb. Ordu.az xəbər verir ki, "Vətən Media" Yaradıcılıq Qrupu tərəfindən ərsəyə gətirilən yeni media orqanı (veten.tv) sırf videoformatda fəaliyyət göstərəcək.

Saytda videoxəbərlərlə yanaşı müxtəlif formalı hərbi verilişlərin yayımlanması da nəzərdə tutulur. Bundan əlavə, izləyicilər burada hərbi bilik, marifləndirici xarakterli, sənədli, sənədli-bədii filmlər, müasir döyüş texnikaları, inkişaf edən hərbi sənaye, eləcə də hərb tarixi barədə informasiyalar ala biləcəklər.

Bununla yanaşı, dünyada və regionda baş verən hərbi-siyasi, hərbi-diplomatik proseslər haqqında təhlillərin aparılması da diqqət mərkəzində saxlanılacaq.

Sayt əsasən istefada və hazırda xidmətdə olan peşkar hərbçilər və hərbi ekspertlərlə işbirliyinə üstünlük verəcək.

Kollektiv ilk vaxtlar gündəlik bir neçə hərbi xəbər istehsalını nəzərdə tutsa da, zamanla fəaliyyət əhatəsini genişləndirmək niyyətindəndir.

"Veten Media" Yaradıcılıq Qrupunun təsisçisi jurnalist Teymur Zahidoğludur.

Xatırladaq ki, Teymur Zahidoğlu cəbhə şəraitində fəaliyyət göstərmək baxımından Azərbaycanın təcrübəli jurnalistlərindən biridir.
 

 

Mənbə: ordu.az