Qərb müəlliflərinin baxışından 44 günlük Zəfər: “Azərbaycan siyasətdə də qalib gəlib”

Qərb müəlliflərinin baxışından 44 günlük Zəfər: “Azərbaycan siyasətdə də qalib gəlib”

“Tanınmış amerikalı müəlliflər Liam Kollins və Con Spenserin ölkəmizə səfəri və kitab təqdimatı mərasimi qərb müəlliflərinin qələmi vasitəsilə müharibənin qazanılmasının çox maraqlı aspektlərini önə çıxarır.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının rəhbərliyi altında Azərbaycan, təkcə savaş meydanında deyil, diplomatik və siyasi cəbhələrdə də böyük qələbə qazanıb:
“Bu zəfər ölkəmizin yeni bir reallıq yaratmasına, dünya siyasətində aktiv rol oynayan yeni güc mərkəzi kimi müəyyənləşməsinə yol açıb. Xarici müəlliflərin kitabının əsas fəlsəfəsi milli güc faktoru, xalqın seçdiyi prezidentin dünya səviyyəli siyasi-diplomatik liderlik qabiliyyətləri və bunun sayəsində həm döyüş meydanında, həm də diplomatiyada, texnologiyalar və böyük strategiyada qazanılan qələbələrdir.
Kitabda dronların və texnologiyaların önəmi vurğulansa da, bunun təkbaşına kifayət etmədiyi bildirilir. Məsələn, böyük hərbi büdcələrə malik dövlətlərin və ya geniş hərbi resursları olan Rusiyanın Ukrayna üzərində illərdir qələbə qazana bilməməsi kimi nümunələrlə müqayisədə, Azərbaycanın əldə etdiyi unikal qələbə xalqın, ordunun və əsgərlərin fədakarlığı fonunda mükəmməl təsvir olunub.

Tədbirdə, həmçinin Azərbaycan ordusunun yeni müharibə taktikasından, dünyanın gözləmədiyi hərbi üsullardan və düşməni çaşdırmaq metodlarından məharətlə istifadə etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, hərbi hədəflərin seçilməsi və mülki vətəndaşlara, dinc sakinlərə heç bir zərər dəyməməsini təmin edən humanist müharibə taktikası dünya hərbi-siyasi tarixinin önəmli bir hekayəsi kimi qiymətləndirilib”.

44 günlük Vətən müharibəsinin dünya hərb institutlarında öyrəniləcəyini vurğulayan deputat əlavə edib ki, II dünya müharibəsindən sonra demək olar ki, heç bir ölkə öz pozulmuş ərazi bütövlüyünü bu cür miqyasda və təhdidlərə baxmayaraq bərpa edə bilməyib. “Məhz bu baxımdan Azərbaycanın qələbəsi unikal və bənzərsizdir”, deyə deputat vurğulayıb.

Mənbə: musavat.com