Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib. Onların arasında İran parlamentinin hazırkı və keçmiş deputatları, din xadimləri, universitet müəllimləri, siyasi ekspertlər və media nümayəndələri də var. Bundan əvvəl oxşar səbəblərlə Türkiyənin 31 vətəndaşının, o cümlədən jurnalistlərin, siyasətçilərin və ictimai şəxslərin ölkəyə girişinə qadağa qoyulub. Sözügedən qərarlar regionda da diqqət çəkib.
Azərbaycanın İran və Türkiyə vətəndaşlarını “persona non-qrata” elan etməsi hansı siyasi mesajı verir? Bu qərarların iki ölkə ilə münasibətlərə təsiri necə ola bilər?
Politoloq Rəşad Bayramov deyib ki, bu, rəsmi Bakının xarici siyasətdə dövlət suverenliyi, milli təhlükəsizlik və siyasi məsuliyyət məsələlərinə həssas yanaşdığını göstərir:
“Şübhəsiz ki, bu qərarlar təkcə ayrı-ayrı şəxslərə qarşı inzibati tədbir deyil, həm də Azərbaycan dövlətinin müəyyən siyasi və hüquqi sərhədləri xatırlatmasıdır. Amma xüsusi olaraq qeyd edim ki, İran və Türkiyə ilə bağlı qərarların eyni siyasi məntiqdən qaynaqlandığını düşünmək düzgün deyil. Çünki hər iki ölkə ilə münasibətlərin xarakteri, yaranan narazılıqların səbəbləri və Azərbaycanın qarşısında duran diplomatik vəzifələr fərqlidir. İran vətəndaşlarının “persona non-qrata” elan edilməsi kontekstində ilk növbədə Bakı ilə münasibətlərdə uzun müddətdir mövcud olan qarşılıqlı etimad problemlərini nəzərə almaq lazımdır. Bizim üçün əsas həssas məsələlər Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, ölkə əleyhinə təbliğat, dini və ideoloji təsir mexanizmləri, eləcə də milli təhlükəsizliklə bağlı narahatlıqlardır. Həmin şəxslərin sadaladığım istiqamətlərdə davamlı mövqe ortaya qoyduqları, dövlətimizin maraqlarına zərbə vurmaq cəhdləri isə danılmazdır. Odur ki, onların arzuolunmaz şəxs elan edilməsi rəsmi Bakının bu istiqamətdə güzəştə getməyəcəyinə dair mesaj kimi qəbul oluna bilər”.

Rəşad Bayramov
Politoloq xatırladıb ki, Türkiyə vətəndaşları ilə bağlı qərar isə başqa bir siyasi kontekstdə baş verib:
“Bu qərarın arxasında Azərbaycan -Türkiyə münasibətlərində yaranmış müəyyən fikir ayrılıqları dayanır. Türkiyədən bəzi siyasi, ictimai şəxslərin ölkəmizdə qəbul olunan ayrı-ayrı qərarlara münasibəti və sərgilədikləri mövqe rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Azərbaycan tərəfi haqlı olaraq bunu daxili işlərə müdaxilə kimi qiymətləndirir. Türkiyə ilə münasibətlərdə bu məsələ xüsusilə həssasdır. Çünki iki ölkə arasında o qədər ortaq dəyər, strateji müttəfiqlik, hərbi əməkdaşlıq və iqtisadi əlaqələr var ki, hər hansı yanlış bəyanat və ya hərəkət fikir ayrılıqlarına yol aça bilir. Burada diqqətçəkən məqam odur ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini qorusa da, bu münasibətlərin ölkənin daxili siyasi qərarlarına təsir etməsinə imkan vermir. Yəni Azərbaycanın mesajı belədir ki, dost və müttəfiq dövlətlərin vətəndaşları da ölkənin suverenliyinə hörmət etməlidirlər”.
R.Bayramov bildirib ki, bu qərarların ikitərəfli münasibətlərə mümkün təsirləri İran və Türkiyə istiqamətləri üzrə ayrı-ayrılıqda qiymətləndirilməlidir:
“İranla münasibətlərdə belə addımlar onsuz da mövcud olan siyasi gərginliyi daha da artıra, qarşılıqlı diplomatik ittihamları gücləndirə bilər. Tehranda ayrı-ayrı dairələr çox güman ki, bu qərardan sonra daha da azğınlaşacaq və Azərbaycan əleyhinə kampaniyanı genişləndirməyə cəhd edəcəklər. Amma bizim üçün əsas məsələ İranla münasibətlərin hansısa şəxslərin açıqlamalarından asılı olmayaraq, dövlətlərarası hörmət və suverenlik prinsipləri əsasında qurulmasıdır. Odur ki, rəsmi Tehran nəyəsə etiraz etməzdən əvvəl arzuolunmaz elan edilən şəxlərlə bağlı ölçü götürsə daha yaxşı olar. Çünki onların fəaliyyəti böyük ölçüdə elə İranın özünü də zərbə vurur. Türkiyə ilə münasibətlərdə isə risklər daha fərqli xarakter daşıyır. Burada söhbət iki strateji müttəfiq arasında ictimai-siyasi narazılıqların diplomatik münasibətlərə təsir etməsindən gedir. Amma tamamilə əminəm ki, iki qardaş ölkənin ortaq dəyərləri, təhlükəsizlik, enerji, nəqliyyat və müdafiə sahələrindəki qarşılıqlı maraqları münasibətlərin soyumasına imkan verməyəcək”.
Ləman İmran
Mənbə: globalinfo.az