"ASAN xidmət" artıq Azərbaycanın uzun illərdir ki, intellektual brendinə çevrilib və 50-dən çox ölkəyə ixrac olunub. 6 ölkədə ümumilikdə 600-dən çox "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Ü.Mehdiyev qeyd edib ki, sammitdə dünyanın 100-dən çox ölkəsindən 300-ə yaxın qonaq iştirak edir:
“Onlar dövlət orqanlarının rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların rəhbərləridir. Bu sammitdə də dövlət xidmətləri sahəsində, dövlət idarəçiliyində "ASAN xidmət" modeli kimi yaxşı nümunələrin təbliği, müzakirəsi və dövlət xidmətləri sahəsində qarşıda duran çağırışların müzakirəsi həyata keçiriləcək.
Bu sammit bizim üçün də gözlənilməz və yaxşı mənada təəccüblü oldu. Ona görə ki, BMT baş katibinin müavini Azərbaycan dövlətini, "ASAN xidmət" modelinin və onun dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfələrə görə xüsusi təşəkkürnamə ilə təltif etdi. Bu, həqiqətən də bizim üçün qürur hissidir. BMT dünyanın ən mötəbər təşkilatıdır və Azərbaycan şəffaflıq, bürokratiyasız, hamı üçün əlçatan olan, heç kəsi kənarda qoymama prinsipi ki, bu, dayanıqlı inkişaf məqsədlərinin əsas prinsiplərindən biridir, bu prinsiplərə ən yaxşı şəkildə əməl edən, bu təcrübəni dünya dövlətləri ilə paylaşan dövlət olaraq BMT səviyyəsində növbəti qiymətini aldı.
Həm Avropadan, həm Asiyadan, həm Afrikadan, həm Amerikadan olan ölkələr rəsmi şəkildə bizə müraciət ediblər və biz onlarla işçi səviyyədə əməkdaşlıq edirik ki, orada da "ASAN" modeli əsasında xidmət mərkəzləri qurulsun”.
Mənbə: musavat.com