Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq

Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq

KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatdakı səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a bildirib.

"Ermənistan iki ildən çoxdur ki, üzvlük haqqını ödəmir, ona görə də məsələyə yenidən baxılması və üzvlük haqqı ödənilənə qədər üzvlüyünün müvəqqəti olaraq dayandırılması, daha dəqiq desək, səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edilməsi tamamilə mümkündür. Bu, nizamnamədə, konkret bir maddədə nəzərdə tutulan sırf texniki məsələdir. Beləliklə, bu nəticə mümkündür, amma bu, prezidentin qərarından asılıdır", - deyə o bildirib.

Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.

"KTMT sammiti keçiriləcək və bundan əvvəl xarici işlər və müdafiə nazirlərinin, eləcə də Təhlükəsizlik Şuraları katiblərinin üçtərəfli görüşü olacaq. Erməni məsələsi ən vacib məsələ olmaya bilər, amma ictimaiyyət üçün ən maraqlı məsələ ola bilər, çünki KTMT əməkdaşlıq, ortaq vəzifələr və məqsədlər haqqındadır", - deyə o qeyd edib.

Bu məsələnin gələn həftə keçiriləcək tədbirlərdə nəzərdən keçirilib-keçirilməyəcəyi ilə bağlı suala Pankin belə cavab verib: "Yəqin ki, bəli, nəzərdən keçirilə bilər, amma hər şey başqalarının bunu nəzərdən keçirməyə razı olub-olmamasından asılıdır. Düşünürəm ki, bu, nəzərdən keçiriləcək".

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.

Mənbə: publika.az