Vaşinqtonda "qara piar" müharibəsi - Tramp, oğulları və İlon Maskı nə gözləyir?

Vaşinqtonda "qara piar" müharibəsi -

Aralıq seçkilərdə qələbədən sonra Demokratlar Partiyası gözlənildiyi kimi Prezident Donald Tramp və onun komandasına qarşı hücum taktikasına üstünlük verməyə başlayıblar.

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalara başlamağa hazırlaşırlar.
Bu barədə “Reuters” onlarla konqresmen, hüquqşünas və siyasi məsləhətçinin açıqlamalarına istinadən məlumat yayıb.
Bildirilib ki, mümkün araşdırmaların əhatə dairəsinə “SpaceX” şirkətinin rəhbəri İlon Mask, Trampın oğulları və Ağ Evin bir sıra əməkdaşları da daxil edilə bilər.
ABŞ-nin “Arnold & Porter” şirkətinin Konqresə nəzarət məsələləri üzrə mütəxəssisi Reyçel Kotton bildirib ki, həm prezident administrasiyasını, həm də özəl sektoru əhatə edən genişmiqyaslı araşdırmalar gözlənilir:
“Biz həm ABŞ prezidentinin administrasiyasına, həm də özəl sektora yönəlmiş çoxsaylı, sərt və genişmiqyaslı araşdırmaların aparılacağını gözləyirik”.
Görəsən, bu araşdırmalar nə verə bilər?
Politoloq Tofiq Abbasov bildirib ki, demokratlarla respublikaçılar arasında ciddi fikir ayrılıqları, ittiham, iddialar hökm sürür:
“Trampın da namizəd olaraq iştirak etdiyi 2020-ci il seçkilərində bir sıra xoşagəlməz hadisələr baş verdi. Kapitoliyə hücum oldu. Mətbuat seçkidəki maxinasiyaları yaymağa başladı. Tramp da məğlubiyyətlə barışmayaraq, yenidən Ağ Evə qayıdacağını bildirdi. Həmçinin, hakimiyyətə gələndən sonra geniş miqyaslı araşdırmalara başlayacağı və günahkarları məsuliyyətə cəlb edəcəyini də bəyan etdi. Belədə, o ikinci dəfə Ağ Evə qayıtmaqla demokratları vergi ödəyicilərinin vəsaitlərini sağa-sola xərcləməkdə ittiham etdi. Amma eyni zamanda, məhkəmələrdə Trampın öz fəaliyyətilə bağlı işlər də var. Onların bəziləri dondurulub, bəzilərilə bağlı xitam verilib, bəziləri də araşdırılacaq”.
Müsahibimizin sözlərinə görə, indi də demokratlar yaranmış vəziyyətdən istifadə edərək, cavab reaksiyasına əl atır:
“Artıq demokratlar düşünür ki, Tramp və onun komandasını suçlamaq üçün əlverişli məqamdır. Məqsəd Respublikaçılar Partiyasının imicinə təsirli zərbələr endirməkdir. Sirr deyil ki, Amerika siyasi ənənəsində “qara piar” mühüm rol oynayır. Nəticədə bəzi hallarda günahsız insanları belə ləkələyirlər”.
Müsahibimiz qeyd edir ki, indiki halda parçalanma və qarşılıqlı ittihamlar həddən artıq ciddi xarakter alıb:
“Demoktarlar Trampın komandası və şəxsən onun özündən son dərəcədə hiddətlidirlər. Tramp epatar siyasətilə heç nədən çəkinməyərək, hər şeyi olduğu kimi deyir. Onun dediklərinin heç də hamısı həqiqətə uyğun deyil. Amma hər halda qarayaxmaları da özünə məxsus rekordlar vurur. Demokratlar da bu fonda öz partiyalarının nüfuzunu üstün tutaraq, çalışırlar ki, ona cavab versinlər”.
Politoloq hesab edir ki, indiki halda proseslərə kompromislərlə yanaşmaq daha uyğun olardı:
“Tramp siyasi cəhətdən seçkiləri uduzdu. Digər tərəfdən, komandası daxilində də parçalanma meylləri güclənir. Dövlət Departamentinin rəhbərilə vitse-prezident arasında ciddi fikir ayrılıqları mövcuddur. Demokratlar isə ələ düşən əlverişli vəziyyəti əldən verməyəcək və çalışacaqlar ki, cavab atəşlərini hədəflərə yönəldə bilsinlər. Bununla bir tərəfdən, həm öz partiyalarının nüfuzunu daha da qaldırmağı düşünürlər, digər tərəfdən isə respublikaçılar üçün əlverişsiz vəziyyət yaratmaqla onların həm itkilərə məruz qalmasına, həm də gələcək seçkilərdə özlərini doğrulda bilməmələrinə çalışırlar”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az