Mingəçəvir Musiqi məktəbi Türkiyənin mədəniyyət xadimləri ilə tədbir keçirdi

Mingəçəvir Musiqi məktəbi Türkiyənin mədəniyyət xadimləri ilə tədbir keçirdi

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin rəhbərliyinin təşəbbüsü və Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar görüş keçirilib.

Görüşdə Mingəçevir şəhər Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov direktor muavini Vüqar Musayev və məktəbin müəllimləri Səttar Orucov və Pərvanə Soltanova, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Orxan İbrahimov, Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin rəhbəri Serpil Önal və Türkiyənin mədəniyyət xadimləri Ramin Marağalı, Lətif Ay Yıldız və Yurdsevən Şən iştirak ediblər.

Tədbirdə Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov çıxış edərək erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. Bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.

Regional idarənin məsləhətçisi Orxan İbrahimov çıxış edərək qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır.

Daha sonra Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin rəhbəri Serpil Önal vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Tədbirdə iştirak edən Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin yazarı Yurdsevən Şən bildiriblər ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı ədalətli mübarizədə nümayiş etdirdiyi əsl dövlət rəhbəri məharəti və sərkərdəlik qətiyyəti müharibədə qazanılan zəfərlərin əsasını təşkil edir. Ali Baş Komandan səviyyəsində müəyyən edilmiş hərbi-döyüş strategiyası və taktikası əsasında müzəffər Azərbaycan Ordusunun Vətənə və dövlətə sədaqəti, yüksək döyüş hazırlığı və qələbə əzmi müharibə cəbhələrində xalqımıza yeni-yeni zəfərlər qazandırır.

Həmçinin, 44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstək bizə əlavə güc verdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verir, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirir. Türkiyə Cümhuriyyətinin rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmilərinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycana səfərləri Prezidentlərimiz, müstəqil dövlətlərimiz və xalqlarımızın ən çətin sınaq məqamlarındakı ürəkdən gələn birlik və həmrəyliyinin canlı təcəssümüdür.

Sonda musiqi məktəbinin müəllimi Səttar Orucov "Qarabağ” şikəstəsini və Ramin Marağalı "Ay Laçın” mahnısını ifa ediblər.

Mənbə: icmal.az