Xankəndinə azərbaycanlılar nə vaxt köçürüləcək? - AÇIQLAMA

Xankəndinə azərbaycanlılar nə vaxt köçürüləcək? - AÇIQLAMA

“Xankəndinə azərbaycanlıların yerləşdirilməsi məsələsi bir sıra faktorlara bağlıdır. Bu bağlılığın ən başlıca səbəbi isə Rusiya sülhməramlıları ilə əlaqədardır”.

Bu fikirləri KONKRET.az– a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Rusiya sülhməramlıları Azərbaycana qarşı ikili yanaşma sərgiləyir: “Birincisi demarkasiya prosesinin həyata keçirilməsində və Ermənistanla sərhədin müəyyənləşdirilməsində çox ciddi və əsaslı rol oynadılar. Bundan önəmlisi yoxdur. Belə deyək ki, Azərbaycan ordusu 75 faiz ərazini öz gücü ilə azad etdi, qalan 25 faizdə isə ermənilər qaldı. Amma sülhməramlılar həmin o bölgənin Azərbaycanın olduğunu qəbul etdilər və ictimai asayişi qorumağa başladılar. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan ərazilərinin minalardan təmizlənməsini, xeyli kəndlərin bizə təhvil verilməsi prosesini sülhməramlılar həyata keçirib və bu müsbət məqamdır”.

Əziz Əlibəylinin sözlərinə görə, işğaldan azad olunan bölgələrdə təhlükəsizliyi təmin etməklə bağlı problemlər hələ də qalmaqdadır: “Böyük ölçüdə təhlükəsizliyi təmin etməyə nail olsaq da, həssas məqamlar mövcuddur. Xocavənd və Hadrutda baş verən proseslər həssas məqamları ortaya qoydu. Bu baxımdan hələ ki proseslər davam edir. Bizim Xankəndinə sakinləri köçürüb sonradan onların təhlükəsizliyini təmin etmək kimi problemimiz mövcuddur. Ona görə də, bundan öncə Xocalı və Xocavəndin taleyi ilə bağlı məsələlər həll olunmalıdır. Dəhliz məsələsi həll edilməli və demarkasiya prosesi tam bitməlidir. Bütün bunlar tam olaraq öz həllini tapdıqdan sonra, artıq rahat şəkildə Xankəndi ilə bağlı məsələləri həll etmək olacaq. Yeri gəlmişkən bizim buradakı avantajımız Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasıdır. Xocalı və Xocavəndlə bağlı məsələlər həll olunduqdan sonrakı periodda, Xankəndi məsələsi həllini tapacaq”.

Ekspert onu da əlavə edib ki, Ermənistan artıq Rusiyanın əlindən çıxmaq üzrədir: “Müharibədən sonra Paşinyanın artan nüfuzu və Koçaryanın reytinqinin cəmi 10 faiz olması göstərir ki, Ermənistanın daxili siyasətinə Rusiyanın təsiri yoxdur. Ona görə də, Rusiya bu təsiri Qarabağ erməniləri üzərindən həyata keçirməyə başlayacaq”.

Müşviq Tofiqoğlu

Mənbə: konkret.az