Xocalı soyqırımı qurbanlarının xatirəsinə Şirvanda 613 ağac əkilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Şirvan şəhərində 613 ağac əkilib.

PİA.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Şirvan şəhərində də ağacəkmə aksiyası təşkil olunub.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, millət vəkili İltizam Yusifovun, şəhər İcra Hakimiyyəti aparatının məsul işçilərinin, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, könüllü gənclərin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi aksiyada öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Aksiya zamanı Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 şəhidin hər birinin xatirəsinə bir ağac əkilib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov insanlıq xislətini itirmiş ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu və xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Bildirib ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin və könüllülərinin iştirakı ilə Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Xocalı qurbanlarının xatirəsinə ötən il də 613 ağac əkilib. İlqar Abbasov əkilən ağacların böyüyüb yaşıllaşdıqca şəhidlərimizin ruhunun şad olacağına əmin olduğunu qeyd edib.
Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn normalarına zidd olaraq azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktında 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev verib. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilib.

2020-ci ilin sentyabrın 27-sindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı başladığı Vətən müharibəsində qazanılan Qələbə xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Erməni vandalları tərəfindən dağıdılmış torpaqlarımızda ölkə başçısının rəhbərliyi ilə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir. Tarixi ədalətin bərpası hər birimizdə qurur doğurur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir

SONRAKI XƏBƏR

Neftin qiyməti son 13 ayda ən yüksək həddə çatıb