ABŞ və Kanada liderləri dünyadakı mövcud çağırışları müzakirə ediblər

ABŞ və Kanada liderləri dünyadakı mövcud çağırışları müzakirə ediblər

Birləşmiş Ştatlar və Kanada Çinlə qarşıdurmada öz fəaliyyətlərini əlaqələndirmək niyyətindədir. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo ilə virtual görüşdən sonra ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Məlumatı “İzvestiya.ru” verib.

ABŞ-ın dövlət başçısı bildirib ki, iki ölkə liderləri söhbət zamanı dünyada mövcud olan çağırışlara yanaşma ilə bağlı məsələləri müzakirə ediblər. Bu məsələlər arasında Çinlə daha yaxşı rəqabət aparmaq üçün birgə fəaliyyətin əlaqələndirilməsi və ümumi dəyərlərin qoruması əsas yer tutub.

Qeyd edək ki, hələ fevralın 10-da Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xirmətinin başçısı Devid Vinyo ölkənin Beynəlxalq İdarəetmədə İnnovasiyalar Mərkəzində çıxışı zamanı bəyan etmişdi ki, Çinin hakimiyyət orqanları Kanadanın təhlükəsizliyi üçün birbaşa təhdiddir.

Bundan bir qədər əvvəl, yanvarın 25-də isə Ağ evin mətbuat katibi Cen Psaki bildirmişdi ki, ABŞ-ın yeni administrasiyası Çin mallarına sabiq dövlət başçısı Donald Tramp tərəfindən tətbiq olunmuş rüsumların saxlanmasını məqsədəuyğun hesab edir.

ABŞ və Kanadanın dövlət başçıları, eyni zamanda, Şimali Amerikanın aerokosmik müdafiəsinin birləşmiş komandanlığının modernləşdirilməsi və Arktika üzrə ABŞ-Kanada dialoqunun genişləndirilməsi barədə də razılığa gəliblər. Bayden deyib: “Kanada və ABŞ təkcə həyati vacib tərəfdaşlar, yaxud NATO üzrə müttəfiqlər deyil, həm də ümumi müdafiəyə sadiq ölkələrdir. Baş nazir və mən bizim avropalı müttəfiqlərimizlə birgə Transatlantik təhlükəsizliyi möhkəmləndirmək üçün birgə işimizi müzakirə etdik”.

Bir müddət əvvəl ABŞ Prezidenti Münxen konfransında çıxış edərkən bəyan etmişdi ki, Vaşinqton və xarici tərəfdaşları “Çini iqtisadi praktikasına görə cavab verməyə məcbur etməlidir”.

Çinin xarici işlər naziri, ÇXR Dövlət Şurasının üzvü Van İ isə Pekin-Vaşinqton münasibətlərinin korlanmasında günahkarın adını çəkərək bildirib ki, bu münasibətlərin tarixdə ən pis vəziyyətə düşməsində sabiq prezident Donald Trampın administrasiyası günahkardır.

Xatırladaq ki, ABŞ və Çin arasında ticarət qarşıdurması 2018-ci ilin iyulunda başlayıb. O vaxt Vaşinqton Çinin 34 milyard dollar dəyərində 818 növ məhsuluna 25 faiz rüsum tətbiq etmişdi. Çin də eyni qaydada cavab tədbirləri görmüşdü. Bununla yanaşı, hər iki ölkə sonra da bir-birinin mallarına qarşı yeni qarşılıqlı rüsumlar tətbiq etmişdi.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com