“Ölkənin gələcəyi yeni yetişən vətəndaşından asılıdır” – Anar Əsədli Yeni TV- layihəsində

“Ölkənin gələcəyi yeni yetişən vətəndaşından asılıdır” – Anar Əsədli Yeni TV- layihəsində

“Türkiyə ictimai-siyasi həyatının min illik dövlət, cümhuriyyət tarixi var. Türkiyədəki siyasi partiyaların, demək olar ki, əksəriyyəti dövlətdən maliyyələşir, çox ciddi iqtisadi resursları var. Türkiyənin ən köklü banklarından olan Türkiyə İş Bankının müəyən bir faizinə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası sahibdir. Partiyaların uzun illərdir yan quruluşları – STK-ları, vəqfləri, universitetləri var. Türkiyədə çox ciddi dövlət tərbiyəsinə, dövlət təfəkkürünə, dövlət anlayışına sahibdirlər. Müxalifətlə hökumətin bir-birini istənilən formada tənqid etməsi çox normaldır. Biri hakimiyyətə gəlmək istəyir, biri də hakimiyyətdə qalmaq istəyir”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli “Həyatımız siyasət” proqramında, Türkiyə siyasətini, oradakı siyasi partiyaları Azərbaycan siyasi mühiti ilə müqayisə edərkən deyib.

 

A.Əsədli daha sonra Azərbaycada siyasi partiyalara münasibətdən danışıb: “Azərbaycanda uzun illərdir siyasi partiyalarla bağlı “xoxan” anlayışı mövcuddur. “Siyasətlə məşğul olma” – deyilir Azərbaycan insanına. Siyasi partiya anlayışına doğru baxış mövcud deyil. Çünki bizim uzun illərdir dövlətçilik təcrübəmiz olmayıb, başımıza açılmayan oyun qalmayıb. Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında siyasi partiya məsələlərində dövlət anlayışı fərqi var. Düşünürəm ki, Azərbaycan da buna doğru gedəcək. Çünki istənilən ölkənin gələcəyi yeni yetişən vətəndaşından asılıdır. Əgər o vətəndaşı Azərbaycanın bugünki fikir adamları, siyasət adamları, aydınları doğru şəkildə istiqamətləndirə bilsə, gələcəkdə Azərbaycanda da bu münasibətlər sistemi qurulacaq”.

“Azərbaycanda hökumətin müxalifət partiyalarına olan sayqısı, əslində, hökumətin birbaşa özünə lazımdır. Əgər, “nə əksərsən, onu da biçərsən” prinsipi ilə getsək, yeni qoyulan mədəni siyasi münasibətlər sistemi, normal iqtidar-müxalifət münasibətləri hökumətə faydalıdır. Müxalifət partiyalarına göstərilən indiki şiddət, nifrət, aqressiya gələcəkdə bu siyasəti aparanların başında çatlayacaq”, – deyə AY Partiya başqanı vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın media məkanında “Həyatımız siyasət” adlı yeni formatda televiziya proqramına start verilib. Tanınmış jurnalist Gülşən Hacıyevanın təqdimatında yayımlanan verilişinin ilk qonağı AY Partiyanın başqanı Anar Əsədli olub. Verilişdə müəlliflə yanaşı Türküstan Media Qrupunun rəhbəri Aqil Camal da moderatorluq edib. Partiya sədri tanınmış media təmsilçiləri İlqar Əlifoğlu, Sevinc Telmanqızı, Nicat Abdullayevin suallarını cavabandırıb.

Mənbə: turkustan.info