“Nə qədər gec deyil!..” - Bakı və Ankaradan İrəvan və Qərbə KRİTİK MESAJ

“Nə qədər gec deyil!..” - Bakı və Ankaradan İrəvan və Qərbə KRİTİK MESAJ

Ermənistanın iqtidarı əməkdaşlıq təklifi ilə bağlı “nala-mıxa” vurur, “buludlarda süzən” revanşist müxalifəti isə səksəkədədir; erməni lobbisi də dinc durmur – Azərbaycana qarşı yeni təxribat: 100-dən çox konqresmen…

“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsidir. İndi biz diqqəti qarşımızdakı məsələlərə, ilk növbədə əlbəttə ki, ərazilərin yenidən qurulması və bərpasına cəmləşdirməliyik”. Bunu srağagün Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb və bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqları region ölkələrinin, böyük dövlətlərin düzgün qiymətləndirməsindən asılı olacaq.

*****

“Böyük dövlətlər” deyəndə Prezident təbii ki, ən əvvəl Qərbin aparıcı güclərini – ABŞ-ı və Fransa timsalında Avropa Birliyini nəzərdə tutulur. Çünki sirr deyil ki, 10 noyabr üçtərəfli sazişindən, Ermənistanın kapitulyasiya etməsindən sonra da Qərbdəki bəzi çevrələr israrla keçmiş Dağlıq Qarabağ konfliktini gündəmə qaytarmağa çalışırlar. Əlbəttə ki, sırf özlərinin regional maraqları naminə – hansı ki, ölkəmizin milli mənafeyinə cavab vermir.

Rəsmi Bakı 4 aydır Ermənistanı irəli baxmağa, yaranan unikal və tarixi fürsəti düzgün qiymətləndirib regional əməkdaşlığa başlamağa, Qərbin qlobal güclərini isə “suyu bulandırmaqdansa”, bu əməkdaşlığa yaxından yardımçı olmağa çağırır.

“Bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var”. Bunu da İlham Əliyev deyib.

Mesajların, çağırışların kimə, hara ünvanlandığı aydındır. Bu, şübhəsiz, həm də Qərbə ismarışdır ki, bölgənn aar ölkəsi olan Azərbaycanın regionda yaratdığı yeni reallığı, o sırada BMT TŞ-nin Dağlıq Qarabağa dair 30 ilı yaxındır yerinə yetirilməyən qətnamələrini həyata keçirməklə yaratdığı təzə gerçəyi olduğu kimi qəbul edib doğru mövqe tutsun, nəinki erməni “dudkası”na getsin. Belə narahatlıq isə qalır. Çünki Qərbdəki bəzi məkrli dairələr hələ də Azərbaycanın halal hərbi zəfərini həzm edə bilmir.

100-dən çox ermənipərəst konqresmenin bugünlərdə ABŞ prezidenti Co Baydenə ünvanlandığı təxribatçı müraciət buna daha bir sübutdur. Müraciətdə yenə Bayden administrasiyasından israrla xahiş olunur ki, ““artsax”a qarşı təcavüz həyata keçirən Azərbaycan və Türkiyəyə” qarşı sanksiyalar tətbiq edilsin, “problemin ədalətli həllinə” kömək eləsin. “Ədalətli həll” isə onların təbirincə, ““artsax” xalqının öz müqəddəratını təyinetmə hüququ”nun tanınmasıdır.

*****

“Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq”.

Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinin yuxarıdakı çıxışı ilə eyni gündə söyləyib. “Ermənistanın atacağı müsbət addıma Azərbaycanla koordinasiyalı şəkildə müsbət cavab verəcəyik”, – deyə qardaş ölkənin baş diplomatı bildirib və xatırladıb ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıdıblar.

Yəni rəsmi Ankara da İrəvana bir daha böyük sülh çağırışı edir, növbəti dəfə əməkdaşlıq əli uzadır – baxmayaraq, erməni vandallarının ərazimizdə törətdiyi vəhşiliklər heç bir dəftər-kitaba, insaniyyətə, elementar mədəniyyətə sığmır. Özünü mədəni sayan millət heç vaxt belə şeylərə qoy qoymaz, ancaq ermənilər Xocalı soyqırımı da daxil olmaqla, qol qoyub. Bununla belə, Azərbaycan və Türkiyə böyüklük göstərərək, sülh ismarışlarını davam etdirir.

Bəs Ermənistan necə, iki qardaş ölkənin xoşməramlı çağırışlarına adekvat cavab verirmi?

Demək olar ki, yox. Məğlub ölkənin ürkək iqtidarı ən yaxşı halda “nala-mıxa” vurur, onun XİN başçısı Ayvazyan hələ də “öz müqəddəratını təyinetmə”dən danışır, “buludlarda süzən” revanşist müxalifəti isə səksəkə içində Türkə qarşı aşırı nifrəti və müharibəni təbliğ etməklə öz bədbəxt xalqını yenə çaşdırmaqla məşğuldur.

*****

“İstisnasız olaraq hamı bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasında maraqlıdır, lakin ölkələrin mənafelərində fərqlər var”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am-a müsahibəsində deyib.

“Kommunikasiya – bizi bölgəyə bağlayan və onu bizim üçün vacib və ya əksinə edən arteriyalardır. Bu gündəliyi biz formalaşdırmalı, bundan hansı təhdidlərin gələ biləcəyini anlamalı və həmin təhdidləri idarə etmə metodlarımızı formalaşdırmalıyıq” – Paşinyan bildirib.

Kommunikasiyaların blokadadan çıxarılmasında ən çox maraqlı olan tərəfin hansı ölkə olması ilə bağlı suala cavabında N.Paşinyan deyib:

“Əgər bölgədə baş verənləri izləsəniz, istisnasız olaraq hamının bunda maraqlı olduğunu görə bilərsiniz. Yəni bunda Rusiya maraqlıdır, Gürcüstan, İran, Azərbaycan, Türkiyə, Ermənistan maraqlıdır. Digər bir məqam odur ki, hər bir ölkənin maraqlarının başqalarının maraqları ilə oxşar və fərqli cəhətləri var”.

Paşinyan hesab edir ki, ardıcıl müzakirələr nəticəsində ziddiyyətləri yumşaltmaq, oxşarlıqları isə qabartmaq vacibdir. Baş nazir vurğulayıb ki, bu nüans mövzunu daha maraqlı edir. “Lakin bu, Ermənistan üçün təhdidlərin və vacib imkanların olmaması anlamına gəlmir. İmkanlarla bağlı düzgün mövqe tutmaq Ermənistan üçün strateji əhəmiyyət daşıyır” , – deyə o əlavə edib.

*****

Açıqlamadan göründüyü kimi, əslində Bakı və Ankaranın İrəvana ünvanlandığı kritik əməkdaşlıq çağırışlarının önəmi yenə elə az-çox Ermənistan iqtidarı tərəfindən başa düşülür. Lakin regional inteqrasiya üçün bu yetərli ola bilməz. Əməli işlər də vacibdir.

O da aydındır ki, Nikol Paşinyan radikal müxalifətin əlinə yeni “kozır” verməmək üçün “bıçaq ağzında” hərəkət eləmək zorundadır. Hərçənd “Gallup”un son sorğusunun nəticələri göstərdi ki, kapitulyasiya sənədinə imza atmasına rəğmən, onun indiki reytinqi hətta müxalif liderlərin toplam reytinqindən üstündür. Bu da regional əməkdaşlıq məsələsində ona daha qətiyyətli və ürəkli olmaq fürsəti verir. Qalır bu fürsətdən yararlanmaq…

Mənbə: konkret.az