Ukrayna ordusu Rusiyanın pilotsuz uçuş aparatlarının 4 məntəqəsini vurdu

Ukrayna ordusu Rusiyanın pilotsuz uçuş aparatlarının 4 məntəqəsini vurdu

Ukrayna Müdafiə Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun pilotsuz uçuş aparatlarının (PUA) dörd idarəetmə məntəqəsinə zərbə endirib. Hədəflər Zaporojye, Xerson və Donetsk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində, eləcə də Rusiyanın öz ərazisində yerləşib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ən mühüm hədəfin Berdyansk şəhərində yerləşən “Rubikon” bölməsinin müvəqqəti dislokasiya məntəqəsi və PUA idarəetmə məntəqəsi olduğu bildirilib.

Qeyd olunur ki, “Rubikon” Rusiyanın ən döyüş qabiliyyətli dron bölmələrindən biridir və cəbhəyanı yaşayış məntəqələrində mülki əhalini də hədəfə alır.

Baş Qərargahın məlumatına görə, Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında və Donetsk vilayətinin Belitskoye ərazisində də Rusiya ordusunun PUA idarəetmə məntəqələri vurulub.

Bundan başqa, Rusiyanın Bryansk vilayətinin Aleksandrovski rayonu yaxınlığında yerləşən PUA idarəetmə məntəqəsinə də zərbə endirilib.

Hücumlar nəticəsində qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Mənbə: bizim.media