Putin hələ razılaşmaya hazır deyil - Əbu-Dabi danışıqlarından nəsə gözləmək olarmı?

Putin hələ razılaşmaya hazır deyil - Əbu-Dabi danışıqlarından nəsə gözləmək olarmı?

Rusiya Prezidenti Vladimir Putin sülh istəsəydi, Ukraynada müharibəyə başlamazdı və ya öz dövlətinin zəifləməsi fonunda bu beş il ərzində müharibəni dayandırardı.

Norveçin Baş naziri Yonas Qar Störe bu fikri “Politico”ya müsahibəsində bildirib.

Bununla yanaşı, Störe vurğulayıb ki, Putinin telefon zənglərinə cavab verməsi onun danışıqlar masasına əyləşməyə hazır olduğuna işarədir. Buna baxmayaraq, baş nazir hələlik Putinin Ukrayna ilə razılaşmaya hazır olduğunu göstərən əlamətlər görmür.

Störe ABŞ Prezidenti Donald Trampın “böyük və möhtəşəm” sülh sazişinin imzalanmasının artıq yaxınlaşdığına dair nikbin proqnozlarını da şübhə altına alıb.

“Əbu-Dabi bir tramplindir, ancaq danışıqlar kifayət qədər sürətli templə davam etməlidir”, – Störe bildirib.

O əlavə edib ki, Əbu-Dabidə keçiriləcək görüşdə Rusiya, ABŞ və Ukrayna Qara dənizdə taxılın təhlükəsiz daşınması üçün atəşkəs məsələsini müzakirə etməyi planlaşdırırlar. Həmçinin enerji infrastrukturuna zərbələrin dayandırılması, cəbhə xəttinin dondurulması və etimadın möhkəmləndirilməsi tədbirləri, o cümlədən əsir mübadiləsi gündəmdə olacaq. Störenin sözlərinə görə, təhlükəsizlik zəmanətləri üzərində də ayrıca iş aparılacaq.

Nəşr qeyd edir ki, Norveç lideri son vaxtlar Rusiya ilə dialoqu qaydaya salmağa çalışaraq bir sıra addımlar atıb.

Belə ki, ötən ay o, Finlandiya Prezidenti Aleksandr Stubb ilə birlikdə Ukrayna Prezidenti Volodimir Zelenski və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş keçirib. Bu görüş Əbu-Dabidəki danışıqlar üçün zəmin yaradıb.

Daha sonra Störe və Stubb Putinlə telefon danışığı aparıblar. Bu addım tərəfdaşlarının tənqidinə səbəb olub. Xüsusilə Danimarka və Latviya bəyan edib ki, Avropa Kremlin diktatorunu təcrid vəziyyətində saxlamalıdır.

Störe isə buna cavab olaraq bildirib:

“Gəlin bunu etiraf edək: O, təcrid olunmayıb. Moskvaya çatan yeganə səs Vaşinqtondan gəlir. Aylarla gözləmək və bu müharibənin Avropanın Moskva ilə danışmaması nəticəsində başa çatacağını düşünmək, məncə, illüziyadır. Biz hesab edirik ki, Ukraynaya nə üçün və necə dəstək verdiyimizi izah edən səsimiz Putinə çatmalıdır”.

Mənbə: bizim.media