Vaşinqton-Tehran xəttində gərginlik artır - Rubio İrana meydan oxudu

Vaşinqton-Tehran xəttində gərginlik artır -

ABŞ dövlət katibi Marko Rubio İranın münaqişənin nizamlanması ilə bağlı danışıqlarda irəli sürdüyü tələbləri absurd adlandırıb. Vaşinqtonla Tehran arasında aparılan dialoq hələlik nəticə vermir.

Bu barədə “Reuters” məlumat yayıb.

“İranın tələbləri sadəcə qəbuledilməz deyil. Bəzi hallarda onlar həddindən artıq, absurd və tamamilə qeyri-realdır”, – deyə ABŞ dövlət katibi bildirib.

O, İranla münasibətlərdə yaxın zamanda diplomatik irəliləyiş əldə olunmasını istisna edib. Bir sıra ölkələr nizamlanmanın müxtəlif yollarına üstünlük verərək Tehranla əlaqələri davam etdirir. Bununla belə, agentliyin qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp münaqişənin diplomatik yolla həllinə ümid edir.

Rubio razılığa gəlməyin çətin olduğunu etiraf edib. Əsas maneə münaqişənin dayandırılması şərtləri ilə bağlı fikir ayrılıqlarıdır. Tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsində də mübahisə edirlər. Tehran ABŞ-ın dəniz blokadasının və iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Vaşinqton isə İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsini istəyir.

Valeh

Mənbə: publika.az