Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Moskvadakı səfiri Lilian Dariya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomata Moldova hakimiyyətinin oktyabrın 23-də respublika ərazisində partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyi iddiasını formal bəhanə gətirərək Kişinyovdakı Rusiya səfirliyinin əməkdaşını “persona non grata” elan etməsi ilə əlaqədar qəti etiraz bildirilib.

Nazirlik qeyd edib ki, pilotsuz uçuş aparatının Rusiya mənşəli olduğunu təsdiqləyən sübutların olmaması müvafiq qərarın əsassız olduğunu göstərir. Bu qərar Moldovanın növbəti qeyri-dost addımıdır.

“Bu qərarın əsl məqsədi çoxəsrlik tarixə malik Rusiya-Moldova münasibətlərini daha da dağıtmaq və Kişinyovda Rusiyanın xaricdəki nümayəndəliklərinin fəaliyyəti üçün mümkün qədər əlverişsiz şərait yaratmaqdır”, – deyə xarici siyasət idarəsindən vurğulanıb.

Həmçinin bildirilib ki, Dariyaya Rusiya tərəfinin qarşılıqlılıq prinsipindən çıxış edərək Moldovanın Moskvadakı səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdiyinə dair Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi respublika ərazisinə naməlum pilotsuz uçuş aparatlarının düşməsi ilə əlaqədar Rusiyanın Moldovadakı səfiri Oleq Ozerovu çağırmışdı.

Mənbə: publika.az