Cənubi Koreya Ukraynanın yanındadır - Rəsmi Seul

Cənubi Koreya Ukraynanın yanındadır - Rəsmi Seul

Cənubi Koreya Ukraynanı dəstəkləməyə davam edəcək.

Bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Ukraynalı həmkarı Andriy Sibiha ilə görüşündə deyib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, "Nazir Ço Hyun qeyd edib ki, hökumət beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Ukraynaya yardım göstərməklə bağlı prinsipial mövqeyinə davamlı olaraq sadiqdir və Ukraynada humanitar yardım və yenidənqurma təkliflərini nəzərdən keçirməyə davam edəcək".

Ço Hyun və Sibiha Fransada keçirilən G7 Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində danışıqlar aparıblar. Tərəflər Koreya yarımadası və Ukraynadakı vəziyyət də daxil olmaqla bir sıra mövzular üzrə fikir mübadiləsi aparıblar. Cənubi Koreyanın xarici işlər naziri həmçinin "bütün ikitərəfli məsələlərin rahat həllinə" ümid etdiyini bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər Ukrayna prezidenti Vladimir Zelenski ötən yay iki Şimali Koreyalı hərbi əsirin Seula verildiyinə dair məlumatı açıqlamasından sonra problemlər yaşayır. Seul Ukrayna prezidentini əvvəlcədən əldə olunan razılaşmanı pozmaqda ittiham edir.

Mənbə: musavat.com