Azərbaycanlılar Ermənistana niyə gedir? Söhbət hazırda qonşu ölkənin təcridxanasında, Xocalı canisi Robert Köçəryana yaxın yerdə saxlanılan əsgər Nəsimi Musayevdən getmir. Bu, bir qədər fərqli və faciəvi hekayə.
Mövzu daha çox Ermənistana könüllü səfər eləmək istəyən soydaşlarımızla bağlıdır. Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov kimi...
Məlumata görə, o, qonşu ölkəyə daxil olmaq istəsə də, girişinə icazə verilməyib. Bu barədə özü paylaşdığı videoda danışıb.
Onun sözlərinə görə, sərhəddə pasportunu yoxlayan əməkdaşlar onun azərbaycanlı olduğunu öyrəndikdən sonra əlavə yoxlamaya başlayıblar. Bloger bir neçə saat ərzində sorğu-sual edildiyini, telefonunun yoxlanıldığını və fəaliyyəti ilə bağlı suallar verildiyini bildirib.
Soydaşımız sərhədçilərin ona ölkəyə girişinə icazə verilməyəcəyini, qərarın xüsusi xidmət orqanları tərəfindən qəbul edildiyini bildiriblər. Bununla belə, bloger onunla mehriban davrandığını və Ermənistanı görmək istəyinə müsbət yanaşdıqlarını vurğulayıb. Eyni zamanda, iki xalq arasında sülhün bərqərar olmasını, insanların qarşılıqlı səfərlər edə bilməsini arzuladığını deyərək, gələcəkdə Ermənistana getmək ümidini itirmədiyini söyləyib...
Bəli, gələcəkdə ola bilər. Hələliksə belə könüllü ziyarətlər nə qədər xoş məram güdsə də, özündə yetərincə risk daşıyır. Niyə?
![]()
Birinci ona görə ki, 44+1 günlük Vətən müharibəsindən sonra Ermənistanda revanşizm ovqatı güclü olaraq qalır. Bunu son parlament seçkiləri də təsdiqlədi. Bəlli oldu ki, əhalinin azı, 30-35%-i “miatsum” sərsəmləməsini təbliğ edənlərin tərəfindədir və Azərbaycanla, Türkiyə ilə barışığa qarşıdır.
Elə az öncə “Gellup”un keçirdiyi sorğuda tarix boyu terror yuvası olan erməni kilsəsinin və müharibə tərəfdarı II Qareginin reytinqinin “Real Ermənistan” narrativini təbliğ edən Nikol Paşinyandan iki dəfə yuxarı (73%) olduğunu üzə çıxarmışdı.
İkincisi, 6 ildir Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün olmur. Ona görə ki, onun konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilə bağlı istinad qalır. Çıxarmağa isə tələsmirlər. Hətta kilsə daxil, radikal-revanşist düşərgə bunu “xəyanət”, Bakıda həbsdə yatan erməni müharibə cinayətkarlarını isə utanmazcasına “əsir” adlandırır...
Nəhayət, üçüncü amil Türkə nifrətin “Dəmir yumruq”dan sonra da ciddi dəyişikliyə məruz qalmamasıdır. Bunu iki gün öncə İrəvanda azərbaycanlılara məxsus tarixi-mədəni abidəmiz olan Göy məscidə qarşı İran molla rejiminin rəsmiləri ilə birgə göstərilən ləyaqətsiz münasibət bir daha təsdiqlədi. İndi biz də Bakıdakı erməni kilsəsinə münasibətdə eyni addımı atsaq, qədim Türk yurdu Ermənistanda Türk izini silməyə çalışan fars-erməni tandeminin xoşuna gələrmi?

Odur ki, sərhədçilərin nəzakətli davranışı gözümüzü qamaşdırmasın. Qonşu cəmiyyətin artıq ağıllandığı, xislətinin yaxşıya dəyişdiyi və mədəni topluma çevrildiyini düşünmək tezdir. Çox tezdir. Ən azı, konstitusiya referendumunu gözləmək gərəkir...
Zahid Səfəroğlu
Mənbə: musavat.com