“Rembo” ləqəbli kəşfiyyatçı: “2 ermənini əlləri ilə boğub...”

“Rembo” ləqəbli kəşfiyyatçı: “2 ermənini əlləri ilə boğub...”

“100-dən çox erməni öldürüb. Hətta onun məhv etdiyi düşmənin sayını itiriblər”

“Söylədi ki, mən sağ tərəfdən girirəm, ürəkli oğul varsa, arxamca gəlsin”

Yenə udqunaraq başlayıram yazıya, bir sayğı, sevgi var sözlərimdə. Çünki şəhid qardaşlarımızın birindən yazacam. Adını hər qeyd etdikcə də, əl saxlayacam, gözlərim dolacaq. O, şəhid kapitan Cəfərli Həmid Kərim oğludur. 1990-cı il avqustun 1-də Bakı şəhərində dünyaya göz açıb.

“Sherg.az”la həmsöhbət olan igidimizin anası Zenfurə xanım deyir ki, Həmid dəcəl uşaq olmasına baxmayaraq, anlayışlı olub:

“Dərslərini çox yaxşı oxuyardı, hətta sinif birincisi idi. Məktəb direktoru da onu fəxri fərmanla təltif etdi. 9-cu sinifdə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. Ali məktəbi bitirdikən sonra kəşfiyyat üzrə təhsil aldı. Tovuz rayonunda leytenant kimi çalışmağa başladı. O, işini çox sevirdi. Həmişə də haqqın tərəfində dururdu. Kiminsə haqqına girməzdi. Mərd, cəsur, təmiz qəlbli idi. İşindəki şücaətlərinə görə dəfələrlə fərxi fərmanlara layiq görüldü. Hər zaman işğaldakı torpaqlarımızın azadlığını arzulayırdı, buna da nail oldu. Müharibənin ilk günündən savaşa hazır idi. Deyirlər, 100-dən çox erməni öldürüb. Hətta onun məhv etdiyi düşmənin sayını itiriblər. Döyüşdə 2 ermənini əlləri ilə boğub, gəbərdib. İş yoldaşları ona “Azərbaycanın Rembosu” deyirlərmiş. Əsgərlərini də gözü kimi qoruyardı. Özü yeməzdi, içməzdi onlara verərdi. Müharibədə 6 gün mühasirədə qalıblar. Sonra Həmidin sayəsində itki vermədən mühasirədən çıxıblar. Cəbrayılın ilk kəndini azad edib, ora birinci bayrağı Həmid sancıb. Ardınca onun taboruna Füzuli istiqamətinə getmələri əmr olunub. Füzulinin bir-neçə kəndini alıb, sonra düşmən gülləsinə tuş gəlib. Qəlpə ürəyinə dəyib, oktyabr ayının 10-da şəhadətə ucalıb”.

Zenfurə xanım söyləyir ki, əsgərlərindən biri ona Həmid haqqında danışıb:

“ Dedi ki, əllərindən öpürəm, ana. Son dəfə yağış yağarkən Həmidin namaz qıldığını söylədi: “ Bizə əlcək payladı. Deyirdik ki, yağış yağmağa davam etsə, vəziyyət pisləşəcək. O isə saniyələr içərisində şəhid oldu. Aşağı düşüb, yoldaşlarımıza istiqaməti göstərirdiyimiz zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi”.

Sonra “YouTube”də Həmidlə bağlı videonun rəy bölməsinə bir əsgəri yazmışdı. Bir yerdə vuruşduqlarını söyləyib, rəhmət diləyib: “Mən yaralandım, 10 gün sonra döyüşə qayıtdım.

Dedilər, komandirin Cəfərli Həmid şəhid olub. Son dəfə rabitədəki sözlərini heç unutmuram. Söylədi ki, mən sağ tərəfdən girirəm, ürəkli oğul varsa, arxamca gəlsin.

Biz də getdik, mən də xəsarət aldım. Onun yanında ola bilmədim. Yüksək insani keyfiyyətlərinin mükafatı kimi Allah ona şəhidlik zirvəsini nəsib etdi, öz arzusuna çatdırdı. Tanrının vacib buyurduğu əmələllərə dəqiqliklə riayət edərdi. Bu da onu ilahi səadətə çatmağa addım-addım yaxınlaşdırdı”.

 

Şəhid kapitan Həmid Cəfərli II Fəxri xiyabanda torpağa tapşırılıb. O, ölümündən sonra “Vəətn uğrunda” və “ Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Onun 3 övladı- Cabbarı, Hüseyni, Zeynəbi yadigar qalıb.

Mənbə: sherg.az