Türkiyədə “Xocalı soyqırımından Qarabağ Zəfərinə” adlı konfrans təşkil edilib

Türkiyədə “Xocalı soyqırımından Qarabağ Zəfərinə” adlı konfrans təşkil edilib

İstanbul, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Türkiyənin Uşak Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımından Qarabağ Zəfərinə” mövzulu tədbir “Azərbaycan Mədəniyyətinin Tanıdılması Birliyi” ilə “Türk Dünyası Araşdırmaları” Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Uşak Universitetinin rektoru professor Ekrem Savaş, Bozak Universitetinin dekanı, professor Kürşad Zorlu, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin siyasət elmləri və beynəlxalq münasibətlər üzrə eksperti, professor Toğrul İsmayıl, Uşak Universitetinin dekanı, professor Asem Nauşabayeva Hekimoğlu və bu ali təhsil müəssisəsinin iqtisadi və idari elmlər fakültəsinin müəllimi Naib Ələkbərov çıxış ediblər.

Uşak Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinin dekanı, professor Murat Öntuğun moderatorluğu ilə keçirilən konfransda Xocalı soyqırımı və onun nəticələri haqqında geniş məlumat verilib.

Uşak Universitetinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanan tədbirdə bəşər tarixinin ən qanlı hadisələrindən olan Xocalı soyqırımının insanlığın utancverici səhifələrindən biri olduğu vurğulanıb.

Bildirilib ki, dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası başladılıb. Kampaniya vasitəsilə XX əsrin sonlarında ermənilər tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumatlar bütün dünyaya ictimaiyyətinə təqdim edilib. Lakin, təəssüf ki, buna baxmayaraq bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Mənbə: azertag.az