SİNCAR-KƏRKÜK XƏTTİNDƏ KRİTİK HADİSƏLƏR:türkmənlərin bölgəni tərk etməməsi üçün Türkiyə təcili tədbirlər görməlidir - TƏHLİL

SİNCAR-KƏRKÜK XƏTTİNDƏ KRİTİK HADİSƏLƏR:türkmənlərin bölgəni tərk etməməsi üçün Türkiyə təcili tədbirlər görməlidir - TƏHLİL

Professor Gürşad Zorlu

“Habertürk”, 24 fevral 2021-ci il

 

İraqın şimalında Türkiyənin terrorla mübarizəsi davam edərkən, Sincar-Kərkük xəttində diqqətlə izlənməli olan hadisələr yaşanır. Daha öncə də bir neçə dəfə ifadə etdiyim kimi, Sincar Suriya ilə İraq arasındakı “terror dəhlizi”nin ən önəmli logistika bazası halına gəlməkdədir.

Sincar eyni zamanda PKK terror təşkilatının Türkiyəyə yönəlik psixoloji əməliyyat mərkəzi rolunu oynayır.

Suriyanın şimalındakı terror strukturlarına gedən TIR-lar Semelka qapısından keçərkən Sincar bir qalxan vəzifəsini yerinə yetirir. Xüsusilə də Qaradakı xain aktdan sonra meydanda olan müxtəlif aktyorlar bu xətt üzərində öz təsirlərini yaratmağa çalışırlar.

Bu yerdə xüsusi qeyd edilməli olan başqa bir xüsus da meydanda son dövrdə öz təsirini hiss etdirən İran amilidir. Doğrusu, Tehrandan hərəkətə başlayan bir avtomobil karvanı İranın rəsmi və meydandakı qeyri-rəsmi gücləri ilə Hələbədək fasiləsiz gedə bilir. Bunun davamlılığının təmin edilməsi üçün də Sincar və ətrafı xeyli önəmli hala gəlir.

Dünən Ankarada İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salihi ilə bir görüş keçirdik. İki önəmli mövzu ilə bağlı dəyərləndirmələrimiz oldu. Ərşad bəy terrorçuların Sincarda olmasından son dərəcə narahatdır və bir an öncə mərkəzi hökumətin bu məsələyə son verməsini istəyir. Bundan təqribən 3 il öncə İran məsələsi gündəliyə gəldikdə necə qərarlı addımlar atıldısa, PKK terror təşkilatı ilə bağlı olaraq da eyni şeyin edilməli olduğunu xatırladır. Bu, əslində, İraq konstitusiyası baxımından bir məcburiyyətdir. Belə ki, İraq qonşu ölkələri təhdid edən və İrana rejiminə qarşı olan “Xalq mücahidləri”ni terror təşkilatı qəbul edərək ölkədən çıxarmışdır. Bu prosesdə Məclisin, Salihinin də yer aldığı komissiyasının böyük rolu olmuşdur.

Digər xüsus da mümkün bir variantda terror təşkilatı mənsublarının türkmənlərin əksəriyyət təşkil etdiyi yaşayış məntəqələrinə yönləndirilməsi qayğsıdır. Doğrusu, hazırda Sincar-Kərkük xəttinin qovşaq nöqtəsi olan Təlafərdə əhalinin yalnız 1/3-i yaşamaqdadır. İŞİD-in hücumlarından sonra bir qismi ölkədən xaricə, bir qismi də ölkənin digər bölgələrinə getməyə məcbur olmuşdur. Bir önəmli məlumat da terror təşkilatının Təlafərdə yaşanan işsizlik problemindən faydalanaraq diqqəti gənclərə verməsidir. Onlara 300-400 dollarlıq maaş təklif edilirmiş. Təbii, büdcənin bir qismi də ABŞ-dandır…

Təlafər türkmənlərin sıx yaşadığı bölgənin Türkiyəyə ən yaxın olan nöqtəsidir. Söhbət bura gəldiyində Sincar ətrafında yerləşən bəzi türkmən kəndlərinin varlığını xatırladım. Sincarı əhatəyə alan 8-9 türkmən kəndi vardır. Hazırda bu kəndlər boşdur. Sincar bu qədər önəmli olduğu halda, nə üçün türkmənlərin öz kəndlərinə geri qayıtması düşünülmür?

Qeyd etmək lazımdır ki, Türkiyənin türkmən siyasətində atılması gecikdirilmiş addımlar vardır. Bu qənaətdəyəm ki, xüsusilə də qeyri-legitim referendumdan sonra türkmənlər meydanda gedən mübarizədə daha təsirli bir güc edilə bilərdi.

Türkiyə baxımından, şübhəsiz, Sincar və Təlafər qədər önəmli olan bir yer də bu xəttin cənub ucundakı Kərkükdür. Bura türkmənlərin İraqdakı mərkəzidir. İndi başqa bir problemlə üzbəüz qalıb. Bu səbəblə, Ərşad bəy Kərkükdəki türkmənlərin məcbur qalmadıqca öz torpaqlarını satmamaları və bölgədən köç etməmələri üçün çağırış edir. İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salihinin bildirdiyinə görə, Səddam dövründən qalan bir qanun üzündən türkmənlərin əkib-biçə biləcəkləri ərazilər böyük ölçüdə ərəblər tərəfindən istifadə edilir. Gəlirləri çox aşağı düşdüyünə görə insanlar torpaqlarını satmağı bir çıxış yolu kimi görürlər. Ərşad bəy bu məsələ ilə bağlı olaraq yerli administrasiya səviyyəsində bir nəticə ala bilmədiklərini, bu səbəblə, bəhs edilən qanunun dəyişdirilməsi üçün parlamentdə gündəliyə gətirməli olduqlarını ifadə edir. Əgər belə davam edərsə, şəhər mərkəzində toplanmış türkmən əhali getdikcə müəyyən səmtlərdə sıxışıb qala bilər.

Hazırda İraq mərkəzi hökumətində parlamentə görə məsuliyyət daşıyan dövlət naziri bir türkməndir. Parlamentdə isə cəmi 8 türkmən millət vəkili var.

Türkiyə baxımından kritik önəm sahib olan Sincar-Kərkük xəttində hadisələrin inkişafı haqqında məlumatları sizə çatdırmağa davam edəcəyəm.

Tərcümə Strateq.az-ındır

Mənbə: strateq.az