Venesiya şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi təşkil edilib

Venesiya şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi təşkil edilib

Roma, 26 fevral, AZƏRTAC

İtaliyanın Venesiya şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Venesiyadakı azərbaycanlı tələbələrin təsis etdiyi "Mədəniyyətlərarası Əlaqələr üzrə Gənclər Birliyi” təşkilatı tərəfindən şəhərin əsas meydanlarında açıq səma altında "Qarabağ həqiqətləri" adlı sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Xocalı soyqırımı qurbanları və 30 illik işğal dövründə erməni vandalizminə məruz qalmış maddi-mədəni irs nümunələrimizin fotoşəkilləri Venesiya şəhəri sakinlərinə nümayiş etdirilib.

Tədbirin, eyni zamanda "Mənə sual ver" adlı informasiya xarakterli interaktiv hissəsində sərgiyə maraq göstərənlərin sualları bir neçə dildə (italyan, ingilis, alman və s.) cavablandırılaraq ətraflı məlumat verilib.

Tədbirin sonunda Azərbaycan xalq musiqisinin incilərindən olan “Sarı gəlin” musiqisi sədaları altında milli geyimdə rəqs nümayiş olunub, habelə "Xocalıya ədalət!" plakat açılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az