Misirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Misirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qahirə, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki Səfirliyində anım mərasimi keçirilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Misirdəki Səfirliyinin müvəqqəti işlər vəkili Polad Heydərov diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqı Xocalı soyqırımının 29-cu ildönümünü qeyd edir. O, erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib, əlavə edib ki, bu il Xocalı soyqırımının ildönümü Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə fonunda yeni məzmun və çalarlarla qeyd edilir.

Səfirliyin ikinci katibi, “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabın müəllifi Emil Rəhimov çıxış edərək Xocalı soyqırımının 29-cu ildönümünün bu il Azərbaycanda ötən illərlə müqayisədə fərqli şəkildə, müharibədən qalib çıxmış ölkədə qələbə abu-havasının yaşandığı bir şəraitdə keçirildiyini vurğulayıb. Diplomat bu qələbə ilə həm erməni işğalına, həm də erməni faşizminə son qoyulduğunu diqqətə çatdırıb.

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxışında qonşu xalqlara qarşı ərazi iddiaları ilə çıxış edən, işğalçılıq və etnik təmizləmə siyasəti aparan ermənilərin əsrlər boyu məskunlaşdıqları ölkələrdə, o cümlədən Azərbaycanda qanlı faciələr və insanlıq əleyhinə cinayətlər törətdiyini vurğulayıb və bu faktların tarixi mənbələrdə də göstərildiyini diqqətə çatdırıb. O, ermənilərin İslam dininə hörmətsizliyini və məscidləri təhqir etməsini bəşər sivilizasiyasına qarşı cinayət adlandırıb.

Tədbirin sonunda Misirin “SOİC” kinematoqrafiya şirkəti tərəfindən ərəb dilində çəkilən “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin nümayişi olub. Mərasim iştirakçıları Xocalı qətliamı haqqında fotostendlə də tanış olublar.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az