Xocalı soyqırımı, 29 il - Akşin Hüseynov

Xocalı soyqırımı, 29 il - Akşin Hüseynov

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

1992-ci ilin fevral ayındakı soyqırımının nəticələri daha ağılagəlməz, daha dəhşətli olub. İyirmi doqquz ildir ki, biz bu fəlakətin ağrı-acıları ilə nəfəs alır, onun başvermə səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın cavabını axtarırıq. Xocalı soyqırımı baş verməyə bilərdimi?

Ermənilər bütün zamanlarda millətimizə diş qıcırdanda bu başı bəlalı Xocalı coğrafi mövqeyinə görə əsas hədəflərdən birinə çevrilib. Qarabağ silsiləsinin ətəyində yerləşən Xocalı şimaldan və şimal-şərqdən Kəlbəcər, Ağdam, cənubdan və cənub-şərqdən Şuşa, Xocavənd və Laçınla həmsərhəddir. Azərbaycanın çox qədim yaşayış məskəni olan bu ərazi dəfələrlə erməni quldurları tərəfindən yandırılaraq dağıdılıb. 1905-1906-cı, 1917-1918-ci illərdə erməni işğalçıları Xocalıya divan tutublar.

1988-ci ildə Xocalının başı üstünü fəlakət almışdı, amma həmin il ermənilər bunu törətməyə cəsarət edə bilmədilər. Birinci ona görə ki, Xocalı sakinləri tərəfindən inamla qorunurdu. İkinci də daşnaklar içimizdəki satqınların, xəyanətkarların sifətlərinə hələ tam bələd deyildilər. Bu, o zamanlar idi ki, yerli əhalini silahlandırmaq əvəzinə əlindəki ov tüfənglərini də alırdılar. Xocalıya qədər ermənilər millətimizin gözünü qorxutmaq üçün bir sıra ağır əməliyyatlar həyata keçirdilər.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etmiş və əhalini qıraraq şəhəri yerlə yeksan etmişlər.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır.

Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.

Bunları mətbuata "Xocalı Soyqırımı"nın 29-ci ildönümü ilə bağlı Qarabağ Qazisi, "Qarabağ" DNK-nun rəhbəri, VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyasının birinci vitse-prezidenti Akşin Hüseynov bildirmişdir.

Mənbə: buta.ws