Serbiyanın xəbər portalı Xocalı soyqırımından yazıb

Serbiyanın xəbər portalı Xocalı soyqırımından yazıb

Bakı, 26 fevral, AZƏRTAC

Serbiyanın danas.rs xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "Azərbaycanda Xocalı soyqırımının 29-cu ildönümünü qeyd edirlər" ("Azerbejdžan obeležava 29 godina od genocida u Hodžaliju") başlıqlı məqalə dərc edilib (https://www.danas.rs/svet/azerbejdzan-obelezava-29-godina-od-genocida-u-hodzaliju/).

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin soyqırımı aktı kimi tanınmasına nail olmaq üçün lazımi addımlar atdığı qeyd olunur.

Məqalədə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırımı, qətlə yetirilənlər barədə məlumat verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində böyük nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampanıyası dünya ictimaiyyətini ayağa qaldırıb.

Məqalədə diqqətə çatdırılır ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər.

Mənbə: azertag.az