NATO qoşunlarının alyansın şərq cinahından çıxarılması mümkün deyil.
Litva Milli Radio və Televiziyasına (LRT) istinadən xəbər verilir ki, bunu Litva prezidenti Gitanas Nauseda qeyd edib.
Dövlət başçısı bu barədə danışarkən belə bir addımın yolverilməz olduğunu vurğulayıb: “Buna yol vermək olmaz. Hesab edirəm ki, bütün Avropa liderləri bunu çox yaxşı başa düşür və heç kim belə şərtlərlə razılaşmayacaq”.
Nauseda, həmçinin NATO-nun iştirakı ilə formalaşmış Avropanın mövcud təhlükəsizlik arxitekturasının qorunub saxlanılmalı olduğunu bildirib. Prezidentin fikrincə, heç bir təsir dairəsinin mövcudluğuna yol verilməməlidir.
Qeyd edək ki, noyabrın 11-də Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, sülh danışıqlarının nəticəsində ədalətli təhlükəsizlik sistemi formalaşdırılarsa, Avropada onilliklər boyu sülh təmin oluna bilər.
Bundan əlavə, Medinski Avropada mövcud təhlükəsizlik sisteminin çox pis işlədiyini və onun bütövlükdə yenidən qurulmasına ehtiyac olduğunu vurğulayıb.
Müəllif: Valeh
Mənbə: publika.az