Hansısa fransız nazirin, deputatın və şəhər merinin Azərbaycana qarşı siyasi iddialar, tələblər səsləndirməsi nadir hadisə deyil. Onlar bunu vaxtaşırı, hətta tez-tez edirlər. Bir növ rutin hala gəlib.
Axırıncı dəfə Fransanın xarici ticarət və investisiya naziri Nikolas Forissier Bakıda həbsdə olan ermənilər barədə danışıb, erməni məhkumların məsələsinin həllinin vacib şərt olduğunu bildirib.
Bu cür bəyanatlar vermək sanki fransız siyasətçilərin boynunun borcudur. Bu davranış heç də hazırda Fransada hakimiyyətdə olan və ölkəsini idarə etməkdə çətinliklər çəkən prezident Emmanuel Makronun rəhbərlik etdiyi iqtidar komandasının proqramı, prioritetləri ilə bağlı deyil.
Fransa özünü lap çoxdan erməni pasibanı, himayədarı kimi aparır. Bu lkədə hakimiyyətə kim gəlir-gəlsin, ermənipərəst olur, hakimiyyətə iddia edən qüvvələrin bəyanat və açıqlamalarında, seçkiqabağı təbliğat çıxışlarında mütləq bir “erməni xətti” sezilir. Hamısı bu topluma əlahiddə şəkildə yarınmağa, erməni icmasından səs almağa çalışır.
Fəqət elə çıxmasın ki, fransız nazir, deputat, merlərin başqa dərd-sərləri yoxdur, gecə-gündüz ermənilərin qayğıları ilə yaşayırlar. Elə də deyil. Bu görüntünü, qənaəti ermənilər yaradırlar, özlərini arxa-dayaqlı göstərmək istəyirlər.
Əslində isə onlar yüksək vəzifə yiyələrindən əl çəkmir, günlərlə fürsət qovalayır, qəbullara düşür, yalvarıb-yaxarır, axırda bir bəyanat alır, sonra bunun üzərində təbliğat qurur, həmin bəyanatı, açıqlamanı Azərbaycana təzyiq rıçağına çevirməyə çalışırlar.
Məsələn, erməni mediası nazir Forsisterin öz açıqlamasında “hərbi əsirlər” ifadəsi işlətdiyini yazır, amma bunun nə dərəcədə doğru olduğu, nazirin həmin sözü deyib-demədiyi aydın deyil. Hətta nazir bu və digər ifadələri işlətmiş olsa da, bu, yenə heç nəyi dəyişmir.
Bir sözlə, ermənilər həmişəki kimi məqsədlərinə nail olmaq üçün çırpınırlar, bu zaman hər vasitəyə əl atırlar. Biz bu cür kampaniyaları son 38 ildə çox görmüşük. Səhranın qumu bitər, ermənilərin oyunları bitməz.
Məsələ bu cürdür, beynəlxalq konvensiyalara görə, dünyanın harasında dinc əhaliyə qarşı kütləvi cinayətlər, qətliamlar baş verirsə, bu, cavabsız qalmamalıdır, beynəlxalq məhkəmələr mütləq bu barədə təhqiqat aparmalı, hərbi caniləri cəzalandırmalıdır. Hələlik BMT-nin daimi üzvü olan dövlətlərin cinayətlərini mühakimə etmək olmur, amma yerdə qalanlarına qarşı ən azı bu cür iddialar qaldırılır.
Ancaq yaxın keşmişdə sırf Fransanın, eləcə də Rusiya və ABŞ-nin himayədarlığı üzündən 1991-1993-cü illərdə Azərbaycan xalqına, Qarabağ əhalisinə qarşı törədilmiş hərbi cinayətlər üzrə tribunl yaratmaq mümkün olmadı. Qüdrətli dövlətlər belə bir təşəbbüsü yaxın qoymadılar. Çünki onlar qəlbən ermənilərin tərəfində idilər, beynəlxalq hüquq və konvensiyaların ziddinə olaraq Qarabağ münaqişəsinin Ermənistanı xeyrinə bitməsinə çalışırdılar.
Ona görə də bu hərbi caniləri cəzalandırmaq, onların üzərində məhkəmə quraraq məhkum etmək vəzifəsi Azərbaycan dövlətinin öhdəsinə düşdü və onlar layiq olduqları cəzaları aldılar.
İndi bu canilərin himayədarları ağız-ağız verib ulaşırlar, məhkum edilənlərin günahsız olduqlarını, azadlığa buraxılmalarının “vacib şərt” olduğunu bəyan edirlər.
Ortada isə çoxsaylı cinayət faktları var: minlərlə dinc sakin öldürülüb, minlərlə mülki insan, eləcə də hərbçi əsir götürülüb və izsiz-tozsuz yoxa çıxarılıb, yüz minlərlə insan öz yaşayış yerindən qovulub, on minlərlə tikili sökülüb-dağıdılıb, yandırılıb, cəbhə xəttindən uzaqda yerləşən yaşayış massivlərinə böyük tələfata səbəb olan raketlər atılıb. Bütün bu cinayət faktları ortada ikən heç kəsin günahı yoxdur?
2020-ci ilin oktyabrında Gəncə şəhəri ard-arda raket atəşinə tutularkən, Qarabağdakı qanunsuz qurumun lideri Arayik Arutunyanın “Gəncə mənim əmrimlə vurulub” deyə videoçıxış yayması daşdan keçən sübut deyilmi? Adam cinayət törətdiyini heç bir təzyiq altında olmadan etiraf edir və bununla qürur duyur. Ta nə olsun?
Bundan əvvəl keçmişdə yüksək vəzifələr tutmuş, hazırda ölkəmizdə məhkum həyatı yaşayan erməniləri İspaniyanın Kataloniya bölgəsinin həbs edilmiş liderləri ilə müqayisə edərdik. Fransızlar heç vaxt onların azadlığa buraxılmasını tələb etmirdilər.
Ancaq indi deyilə bilər ki, hazırda İspaniyada həbsxanada keçmiş Kataloniya lideri yoxdur. 2017-ci il müstəqillik referendumunun təşkilində ittiham olunan bütün siyasətçilər və fəallar 2021-ci ildə azadlığa buraxılıb və 2026-cı ilin oktyabrında məhkəmə son məhdudiyyətləri və həbs orderlərini ləğv edib.
Burası doğrudur. Ancaq kataloniyalı liderlərin yol verdiyi “cinayət” yalnız muxtar bölgədə referendum təşkil etmək idi (yeri gəlmişkən, həmin referendumun nəticələrinə görə, katalon xalqı müstəqil dövlət qurmaq ideyasına səs vermişdi). Onlar insanları kütləvi şəkildə qətlə yetirməmişdilər, partlayışlar, terror aktları törətməmişdilər, hücum edərək, İspaniyanın 11 rayonunu 30 il işğal altında saxlamamışdılar. Ancaq yenə də İspaniyanın hüquq-mühafizə orqanları onları cəzalandırdı.
Qarabağlı erməni liderlərin işi isə başqadır, onları Kataloniya liderləri ilə yox, keçmiş Yuqoslaviya ərazisində boşnakları, xorvatları, albanları qırıb-çatan serb siyasətçilərlə, generallarla müqayisə etmək olar. Bildiyiniz kimi, mülki insanlarla qarşı hərbi cinayət törədən serb liderlər (eləcə də hərbçilər) sonradan Haaqa məhkəməsində mühakimə olundular, ağır cəzalar aldılar. Onları bağışlayan, vaxtından əvvəl azadlığa buraxan olmadı.
Arayikgil Miloşeviçgildən nə artıqdır, nə də əskik. Keçmiş vaxtlar olsa, Fransanın özündə belə onların başını çoxdan gilyotin baltasının altına qoymuşdular.
Xalid KAZIMLI
Mənbə: musavat.com