“Ermənistanda Aİ-Rusiya qarşıdurması baş verə bilər” RƏY-ÖZƏL

"44 günlük Zəfər qələbəmizdən sonra 10 noyabr Ermənistanın təslimçilik aktına qol çəkilməsindən sonra Paşinyanın artıq hakimiyyətdə qalması məsələsinin gündəmə gəlməsi gözlənilən idi. 10 noyabrdan sonra biz Ermənistan siyasi dairələrində artıq buna qarşı hazırlıqların başlandığının da şahidi olurduq". Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, erməni müxalifətinin xalq arasında güclü dayağının olmaması prosesi sürətləndirə bilmir: "Əsas müxalifət qüvvələri isə keçmiş prezidentlər, Qarabağ klanı adlandırılan Koçaryan-Sarkisyan birliyinin təmsilçiləri idilər. Lakin, onların hakimiyyəti dövründə Ermənistanı saldıqları ağır sosial-iqtisadi duruma görə xalq arasında demək olar ki, reytinqləri sıfıra bərabər idi. Bunu onların bir neçə dəfə keçirtdikləri etiraz aksiyalarında iştirakçıların sayı əyani sübut edirdi. Qərb tərəfindən dəstəklənən Paşinyan isə bütün uğursuzluqlara görə eks-prezidentləri günahkar adlandıraraq məsuliyyətdən yayınmağa çalışır və erməni ictimaiyyətini inandırmağa çalışırdı ki, əsas günahkarlar keçmiş iqtidar və onlardan qalma hərbi birləşmələrin rəhbərləridir. Paşinyan orduda korrupsiya hallarının olduğunu sübut etməyə çalışır və müxtəlif yüksək rütbəli zabitləri həbs etdirməklə ictimai fikri başqa istiqamətə yönəltməyi düşünürdü. Əslində qismən də olsa buna nail olmağı da bacarırdı. Lakin müxalifətin digər üzü olan keçmiş rejimdən qalan yüksək rütbəli hərbiçilərin Paşinyana tabe olmaq istəməmələri və müharibədə aldıqları ağır məğlubiyyətin əvəzini çıxmaq kimi axmaq ideyaları Ermənistanda artıq ciddi hakimiyyət böhranı yaratmışdır".

A.Xəlilov bildirib ki, Paşinyan hakimiyyətdən asanlıqla əl çəkməyəcək: "Onun həm Qərb siyasi dairələrindən, eyni zamanda məğlub olmaqlarına baxmayaraq erməni xalqı arasında hələ də müəyyən reytinqə malik olması hakimiyyətdə qalmasını bir müddət uzada bilər. Ancaq burada ordunun və güc strukturlarının da kimin tərəfində yer tutacağı da mühüm amil olacaqdır. Baxmayaraq ki, 18 yüksək rütbəli zabitin Paşinyanı istefaya çağırmasına bu heç də tam olaraq ordu demək deyil. Hesab edirəm ki, prosesin sonrakı mərhələsində hadisələrin gedişinə geopolitik təsirlərin də mühüm rolu olacaqdır. Ermənistanda Qərb-Rusiya qarşıdurması baş verə bilər. Paşinyanın İsgəndər raketləri ilə bağlı bəyanatı heç də təsadüfi deyildi. Rusiya müdafiə nazirliyinin sözçüsü də artıq "Paşinyan çaşıbdır." fikrini səsləndirmişdir. Ermənistanda yaxın günlərdə hakimiyyət dəyişikliyi olmasa da ağır böhran artıq ortadadır. Bir fikri də deyim ki, Ermənistan hələ uzun illər 44 günlük Zəfər qələbəmizin təsirindən çıxa bilməyəcək. Hətta bu gün hakimiyyət dəyişikliyi olsa belə bu uzun müddətli olmayacaq. Ermənistanı uzun müddətli siyasi böhran illəri gözləyir. Çünki Ermənistanda siyasi səhnədə millətçi, şovinist qüvvələr daha çoxluq təşkil edir. Erməni siyasi meydanına dünyanın sivil qaydalarına hörmət edən, faşizm ideyalarından tam imtina etmiş demokratik qüvvələr lazımdı. Ümid edək ki, erməni cəmiyyəti bunu etməyi bacaracaq".

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan dilemma qarşısında: “Məxmərin sonu” ilə bağlı bəyanat uğursuzluğun etirafı idi

SONRAKI XƏBƏR

“Ermənilər rus qoşunlarının Zəngəzurda yerləşməsini xahiş edirlər”