Xocalı şahidindən QANDONDURAN ETİRAFLAR: Elə dəhşətli vəziyyət yaranmışdı ki, hər kəs...

Xocalıdan əliyalın didərgin düşən növbəti yarım qalmış həyat. 14 yaşında bəşərin ən böyük faciəsinə şahidlik etmiş 14 yaşlı Şahsuvarın heç bitməyən Xocalı kabusu.

İllər boyu Fransada psixi xəstələrin dərdinə çarə tapsa da, Xocalıda yaşadığı müsibətlərin ağrısından qurtula bilməyən doktor Şahsuvar Mirzəyevin tarixçəsi...

Qəhrəmanımız Şahsuvar Mirzəyev Publika.az-la qan yaddaşını bölüşür.

Bəşərin Xocalı utancı

Xocalı rayonunun Kösəvər kəndində doğulmuşam. Hərdən düşünürəm ki, biz Xocalı əhalisi müharibə tarixinin ən ağır faciəsini yaşamışıq. Fevralın 25-dən 26-na keçən gecə həyatımızın sağalmayan yarasıdır. Qəribədir ki, həmin gecə zaman da, iqlim də ziyanımıza işləyirdi. Xocalının coğrafi vəziyyəti olduqca böyük çətinlik yaradırdı. Şəhər mühasirədə olduğu üçün rayon camaatının ümidi yalnız özünə idi. Erməni terroristlərinin hücumu aram vermirdi. Hamımız evdən çıxıb, müvəqqəti sığınmaq üçün təhlükəsiz yer axtarırdıq. Geri dönəcəyimizə əmin idik. Şəhərdə xaos yaranmışdı. Hara qaçacağımızı, harada gizlənəcəyimizi bilmirdik. Silahların səsindən qulaq tutulurdu. Həmin gecə torpaqdan alov çıxırdı. Xəbər gəldi ki, şəhəri təcili tərk etməliyik. Qocaları, qadın və uşaqları Ağdama çatdırmaq lazım idi. Hamımız nazik ev geyimindəydik. Əli, ayağı yalın insanlar çayı keçəndə, gah suya yıxılır, gah da ayaqları donurdu. Böyük çətinliklə meşəyə çatdıq. Amma ermənilər orada da pusqu qurmuşdular. Pulemyotlarla dinc əhalini gülləbarana tuturdular. Elə dəhşətli vəziyyət yaranmışdı ki, hər kəs ancaq öz canını qurtarmaq istəyirdi. Kiməsə kömək etməyə imkan da yox idi. Qohumlarımız, qonşularımız gözümüzün önündə ölürdü. Meşə cəsədlərlə dolmuşdu. Ermənilərin əzabları bununla bitmirdi. Əsir götürdükləri insanların başını elə meşədəcə kəsirdilər. Bu elə bir faciə idi ki, bəlkə də bəşər belə vəhşilik görməyib. Günahsız körpələri, qadınları işgəncə ilə öldürürdülər. Biz isə min bir əzabla Ağdama çata bildik.

Xocalı yadigarı - qanlı xatirələr

Xocalı faciəsi baş verəndə cəmi 14 yaşındaydım. Amma sanki müharibədən sonrakı həyatım da o gecədə məhv oldu, fiziki olmasa da, mən həyatımı itirdim. Biz azərbaycanlılar qonaqpərvər, sülhsevər xalqıq və bu, şablon deyil. Ermənilərlə daim yaxın ərazidə yaşamışıq, mehriban münasibətdə olmuşuq. Amma həmin gecə bir daha erməni xalqı bizə qarşı sonsuz nifrətini sübut etdi.

Soyqırımı gecəsini xatırlamaq bizim üçün çox ağırdır. İşgəncə ilə öz evindən, torpağından didərgin düşən insanlar sanki kabus içindəydilər. Allaha yalvarırdım ki, yuxudan ayılım, bu müsibət bitsin. Amma bu acının sonsuzadək yaddaşımıza yazılacağından, davam edəcəyindən xəbərsiz idik. Təsəvvür edin, gözünüzün önündə doğmalarınız, sevdikləriniz vəhşiliklə, işgəncə ilə qətlə yetirilir və siz heç nə edə bilmirsiniz. Hətta düşünürsən ki, ölüm belə yaşamaqdan yaxşıdır. Yaxın qohumumun başını anasının və bacısının gözü önündə kəsib, doğramışdılar. Hesab edirəm ki, bu, tək Azərbaycanın deyil, bütün dünyanın ağrısıdır.

Nazik geyimdə evdən çıxmışdıq. Keçmişimizdən, evimizdən, həyatımızdan yadigar bir əşya da götürə bilməmişdik. Bu faciəni yaşamadan təsəvvür etmək mümkün deyil. Çadırlara sığındığımız günlər olub. Qışın şaxtasında, yayın istisində çadırlarda yaşamışıq. Aylarla, illərlə sürünərək, belə çətin güzərana dözmək insanlığa sığmır.

Xocalıdan Bordoya

Ailəmlə birgə məcburi köçkün kimi bir müddət Ağdamda məskunlaşdıq. Ağdamın işğalından sonra isə Gəncəyə köçüb, qaçqın düşərgəsində yaşadıq. Hərbi xidmətdən sonra təsadüfən Fransaya köçmək imkanı qazandım. Artıq 20 ildir ki, Fransada yaşayıb, fəaliyyət göstərirəm. Hazırda Fransanın Bordo şəhərində məskunlaşmışam, psixi xəstəxanada həkim kimi çalışıram. Ümumiyyətlə, dünya səyahətinə çıxmaq, müxtəlif ölkələri görmək uşaqlıq arzum idi. Qismətimdə Fransa varmış. Bildiyiniz kimi, Fransa bir növ ermənilərin ölkəsidir, buna baxmayaraq, bayrağımızın altında birləşməyə nail olmuşuq. İkinci Qarabağ müharibəsində çoxsaylı erməni təzyiqləri ilə üzləşdik. Buna baxmayaraq, informasiya mübarizəsində savaşdıq. Azərbaycanın haqq səsini susdura bilmədilər. Qələbə qazandıq, ədalətsizlik üzərində zəfər çaldıq. Hər şey vətən üçün!

Xocalı müsibətini xatırlayanda, hələ də eyni duyğuları yaşayıram. İnsan nə qədər qəddarlaşmalıdır ki, hamilə qadının qarnını kəsib, körpəsini bətnindən çıxarsın. Peşəmlə əlaqədar dünyanın bir çox ölkəsində, hətta Afrikanın inkişaf etməmiş qəbilələrində olmuşam. İnanın, belə dəhşətli işgəncələri başqa yerdə görüb, eşitməmişəm. Körpənin nə günahı var axı?! Allah bu haqsızlığı qəbul etməsin!

İnsan insana bu işgəncələri necə yaşada bilər? Psixiatr ixtisasına yiyələnəndən sonra Xocalıda törədilən vəhşiliyin kökünü araşdırmağa başladım. Bu qəddarlığın iki səbəbi ola bilər, ya şiddətli psixi pozğunluq, yaxud da cəmiyyətin xəstə təfəkkürü, yalan təbliğatı. Təəssüf ki, cəmiyyətin bütün fərdlərində psixi pozğunluğa rast gəlmək mümkün deyil. Demək, səbəb ikinci variantdır.

Xocalının sağalmayan travması

Körpə üçün ən böyük və ilk travma ana bətnindən ayrılmaqdır. Alışmadığı yeni dünya, insanlar, informasiya, işıq onu qorxudur. Buna görə də ağlayır. Bizim kimi evindən, şəhərindən didərgin düşmüş insanlar da eyni travma yaşayırlar. Düşdüyün vəziyyətdə böyük stress keçirirsənsə və əlindən heç bir şey gəlmirsə, hər hansı fəlakət qarşısında özünü, doğmalarını müdafiə edə bilmirsənsə, psixoloji travma alırsan. Təəssüf ki, cəmiyyətimizdə belə insanların sayı az deyil. Müharibədən sonra da iqtisadi vəziyyət çox çətin idi. Hətta Ağdam psixi xəstəxanasına yerləşdirilən Xocalı şahidlərinə də yardım olunmurdu. Amma zaman keçdikcə tibb də, düşüncə də inkişaf edir. İnsanların təfəkkürünə təsir etmək daha rahatdır. Əvvəllər psixi problemi olan insanların ailələri onları cəmiyyətdən təcrid edirdi ki, heç kim xəbər tutmasın. İndisə vəziyyət dəyişib. Ürək, diş həkiminə getdiyimiz kimi ruhumuzu da sağaltmağa cəhd edirik. Amma bir məqam da var ki, biz müharibə şahidləri nə qədər yaralarımızı sağaltsaq da, bu dərin travma ölənədək bizimlə olacaq. Çünki özüm psixiatr olub, xəstələrə çarə tapsam da, bəzən gecələr yuxuma Xocalıda yaşadığım həmin müsibət gəlir və bundan qurtulmaq mümkün deyil.

Leyla Sarabi

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan ötən il Ukraynadan - 182 Ton Kolbasa Alıb

SONRAKI XƏBƏR

Əflatun Amaşov Prezidentin mətbuat konfransından yazdı: “Həm tarix, həm də siyasət dərsi idi”