Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”

Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”

Rus müxalifətçi Aleksey Navalnının prezident Vladimir Putin haqda məşhur videosunda təkcə dövlət başçısının dəyəri 1 milyard dolları keçən sarayından danışılmırdı. Həmin sənədli filmdə ölkə rəhbərinə yaxın xeyli adamın adı çəkilirdi. Videonun sonunda Svetlana Krivonoqix adlı qadın xüsusi fərqləndirilmişdi. Çünki Putinin onunla yaxınlıqdan qızı dünyaya gəldiyi iddia olunur.

Bizimyol.info xəbər verir ki, Svetlana Krivonoqixin qızı Yelizaveta (rəsmi sənədlərdə Luiza Rozova) ABŞ-ın GQ jurnalına müsahibə verib. O, 2020-ci ilin payızında ilk dəfə haqqında Putinin övladı kimi danışılmasını xatırlayıb, noyabrın 25-ni həyatını dəyişdirən gün adlandırıb. Onda “Proyekt” müstəqil tədqiqat portalı Krivonoqixin dövlət başçısı ilə əlaqələrini işıqlandırmışdı. Yelizaveta deyir ki, həmin gündən ona münasibət dəyişib.

“Adi günlərdən biri idi. Xatırlayıram, mən şirniyyat bişirmişdim. Dostum zəng vurdu. Dedi ki, haqqımda yayılan videoya baxıb, şokdadır. Mən heç nə anlamadım. Amma o gündən həyatımın rahatlığı pozuldu. Hansısa naməlum insanlar sənin həyatına burunlarını soxurlar. Heç xoş deyil”.

Yelizaveta “Proyekt”in və Navalnının videolarından sonra bir az özünə qapıldığını deyib. O, sosial şəbəkələrdəki şəkillərinin əksərini silib. Yelizavetanı narahat edən həm də odur ki, Putinə görə çox təhqir olunur.

“Amma bir az dəyişmişəm. Sitiasiyanı idarə edə bilirəm. Daha rəylərə görə əvvəlki qədər məyus olmuram. Üstümə incik adamlar gəlir, mən isə onları sevgi ilə qarşılayıram. Əlbəttə, həyatım çox dəyişib. Altı il görmədiyin tanışım yazır ki, səndən avtoqraf almaq olar?”

Yelizaveta universitetdə yaradıclıq və mədəniyyət üzrə menecment təhsili alır. O, kinoya, teatra, modaya böyük maraq göstərdiyini bildirir. Özünün Luiza adlandırılmasını daha çox xoşlayan qız Putinin övladı olduğunu etiraf etmir.

“Onun gənclik şəkillərində oxşarlıq görürəm. Amma xeyli adam var ki, Vladimir Vladimiriçə oxşayır”.

Yelizavetanın pasportunda Vladimirovna yazılması iddialar barədə ciddi düşünüməyə əsas verir. Putin bu haqda sualları yaxına buraxmır. Yelizavetanın prezidentin üçüncü qızı olduğu bildirilir. Putin isə heç Mariya Vorontsova və Katerina Tixonovanın da qızı olmasını ictimaiyyət qarşısında boynuna almır. Halbuki onların Lyudmila Putina ilə nikahdan doğulduqları Rusiyada çox adama sirr deyil.

Mənbə: www.bizimyol.info