Mətbuat konfransı ilə dünya rekorduna imza atan Prezident-RAKURS

Mətbuat konfransı ilə dünya rekorduna imza atan Prezident-RAKURS

Bu gün yəni 26 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı keçirdi. Konfrans 4 saatdan çox davam etdi. Dövlət başçımız 35 media qurumunun 50-dək sualını cavablandırdı.

Məqaləmi başladığım ifadələri təsadüfi seçməmişəm. Belə ki, Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək qeyd etdi ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atdınız.

Bu mətbuat konfransı hər baxımdan bir çox suallara aydınlıq gətirdi. Bu suallardan biri də Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı sual idi. Prezidentimiz ironiya ilə, özünəməxsus tərzdə qeyd etdi ki, suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər.

“Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil, hər kəs onu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, cəhdidir ki, guya onlar dövlətdirlər”-deyən cənab Prezident vurğuladı ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir.

Həmçinin dövlət başçımız onu da dünya ictimaiyyətinin nəzərinə çatdırdı ki, Azərbaycan heç bir dilə qarşı məhdudiyyət qoymur. “Bu gün Sovet dövründən fərqli olaraq Azərbaycanda rus dilində daha çox qəzet var. Rus dilində internet saytları fəaliyyət göstərir.340-a yaxın rus bölməli məktəblərimiz var.Ermənistanda isə bu rəqəm sıfırdır.”-deyə cənab Prezident bu məsələyə də aydınlıq gətirdi.

Həmçinin mətbuat konfransında Türkiyənin Anadolu Agentliyinin müvafiq sualını cavablandırarkən dövlətimizin başçısı vurğulayıb ki, 10 noyabr Bəyanatı prinsip etibarilə icra olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Türkiyə- Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsi bu istiqamətdə atılmış çox önəmli addımdır.
Cənab Prezident onu da qeyd etdi ki, bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər çeyin öz vaxtı, öz yeri var. Biz addım –addım öz hədəfimizə çata bilmişik. Namümkünü 44 gün ərzində reallığa çevirməyimizə diqqət çəkən cənab Prezident bunu bu gün təkcə bizim yox, həm də beynəlxalq ekspertlərin də qeyd etdiyini jurnalistlərin diqqətinə çatdırdı.

Dövlətimizin başçısı medianın nəzərinə çatdırdı ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri bir bayraq altında,bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var.
Xocalı faciəsinin dəhşətlərindən danışarkən dövlət başçımız onu da qeyd etdi ki, müharibənin yaraları sağalmayıb. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır.

Bəli, Xocalının da qisası döyüş meydanında alındı. Bu gün biz bunu böyük qürur hissi ilə Xocalı şəhidlərimizi anarkən abidənin önündə başıuca söyləyirik və bir daha deyirik:
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Çingiz Dadaşov,
Demokratik İnkişafın Təşviqi” İctimai Birliyinin sədri,
hüquqşünas

Mənbə: cebhe.info