Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Manisa şəhərində anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Manisa şəhərində anılıb

İstanbul, 27 fevral, AZƏRTAC

Türkiyənin bir çox bölgəsində olduğu kimi, Manisa vilayətində də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən təşkil olunan anım mərasimi bu şəhərdəki Azərbaycan Qardaşlıq Parkında keçirilib.

“Xocalı qətliamı, unutmadıq, unutdurmayacağıq” şüarı ilə keçirilən mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə media üçün açıqlama səsləndirilib, Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub.

Anım mərasimində dərnəyin sədri Yalçın Taşdemir, Manisa şəhər Mədəniyyət İdarəsinin rəhbəri Fırat Özcan, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin şəhər üzrə rəhbəri Nazmi Akçay, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Yunusemre rayonu üzrə sədri Buğra Çelikkanat, Manisa şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Yalçın Taşdemir Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, o qanlı hadisə ermənilər tərəfindən əsrlər boyu türklərə, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin bir hissəsidir.

İki qardaş ölkə bayraqlarının dalğalandığı tədbirdə Azərbaycana dəstək şüarları səsləndirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az