İsveçrə Parlamentinin Senat və Konqresinin üzvlərinə Xocalı faciəsi ilə əlaqədar çağırış edilib

İsveçrə Parlamentinin Senat və Konqresinin üzvlərinə Xocalı faciəsi ilə əlaqədar çağırış edilib

Bern, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində səfir Xanım İbrahimova tərəfindən İsveçrə Parlamentinin Senatı və Konqresinin bütün üzvlərinə çağırış edilib. Eyni zamanda, İsveçrə Parlamentində Dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, çağırışda Xocalı soyqırımı zamanı törədilmiş cinayətlər barədə məlumat verilib. Bildirilib ki, qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Həmçinin qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş əməlləri müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan xüsusilə ağır nəticələr doğuran əməllər kimi səciyyələndirib. Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul etdiyini qeyd edən səfir X.İbrahimova Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin bildirilib ki, Xocalı şəhərindəki qətliam da daxil olmaqla, silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur.

Səfir qeyd edib ki, azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsi Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirilib və nəticədə çoxsaylı dinc azərbaycanlı qətlə yetirilib.

Sonda səfir X.İbrahimova Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar olaraq, İsveçrə tərəfini Ermənistanın Xocalıda mülki Azərbaycan əhalisinə, o cümlədən uşaqlar, qadınlar və qocalara qarşı törətdiyi insanlığa qarşı cinayətləri və soyqırımı aktını qınamağa və tanımağa çağırış edib.

Səfirliyin dəstəyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Q.Nəsirovun təşkilatçılığı, Soloturn kantonundakı fəal diaspora üzvlərinin iştirakı ilə “Xocalı həftəsi” çərçivəsində növbəti tədbir paytaxt Bern şəhərinin mərkəzi meydanı olan Waisenhausplaztda keçirilib. Burada Xocalı soyqırımında qətlə yetirilən uşaqların şəkillərindən hazırlanmış və faciəni daha ətraflı təsvir edən sərgi təşkil edilib. Maketlərin üzərində qətlə yetirilmiş uşaqların şəkilləri və Xocalı faciəsinin tarixini göstərən QR kodlar yerləşdirilib. QR koda daxil olan zaman “Sign petition” ifadəsi görünür. Eyni zamanda, maketlərin üzərində broşürlər üçün xüsusi yer ayrılıb. Bir tərəfində Xocalı soyqırımı ilə bağlı məlumat, digər tərəfində isə sülhü təmsil edən oriqami əks olunan broşürlər də hazırlanıb. Məqsəd bütün yaşdan olan sakinlərin, xüsusilə uşaqların diqqətini cəlb etməkdir.

Bern şəhərinin ən hərəkətli meydanında ziyalılar, universitet tələbələri QR kodlara baxdıqdan sonra diaspor üzvlərinə yaxınlaşaraq daha ətraflı məlumatlar əldə ediblər.

Şəhərin mərkəzində baş tutan tədbirə səfir X.İbrahimova da qatılıb və sərgini izləyən insanlara Xocalı faciəsi, ümumilikdə ermənilərin hərbi təcavüzləri barədə ətraflı məlumatlar verilib.

Növbəti tədbirlər fevralın 27-28-də Sürix və Bazel şəhərlərinin mərkəzi meydanlarında keçiriləcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Mənbə: azertag.az