Daşkənddəki diasporumuzun üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Daşkənddəki diasporumuzun üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Daşkənd, 27 fevral, АZƏRTAC

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

Tədbirdə Azərbaycan diasporunun üzvləri, mədəniyyət və incəsənət xadimləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra RAMMM-in sədri Firdovsi Hüseynov bildirib ki, 29 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə qaniçən erməni cəlladları keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinlərə - qocalara, qadınlara, uşaqlara aman verilməyib, şəhər sakinləri məhz azərbaycanlı olduqlarına görə əzabla öldürülüb, meyitləri təhqir olunub.

Çıxışının sonunda Firdovsi Hüseynov BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, bu qurumun Qaçqınlar üzrə Ali Komissarına, UNESCO, UNICEF, Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in rəhbərlərinə RAMMM və bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri adından Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı göndərilən Bəyanatın mətnini oxuyub.

Daşkənddə yaşayan soydaşlarımızdan Yusif Hüseynov, İsmayıl Məmmədov və başqaları Xocalı soyqırımının ermənilərin xalqımızın başına gətirdikləri cinayətlərin qanlı səhifələrindən biri olduğunu vurğulayıb, onların zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşilikləri pisləyiblər.

Sonra şəhidlərin ruhuna dua oxunub, ehsan verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az