Birlikdə güclü olsaq, heç kim qarşımızda dura bilməz - Elman Məmmədov

Birlikdə güclü olsaq, heç kim qarşımızda dura bilməz - Elman Məmmədov

Xocalının sabiq icra başçısı Elman Məmmədov Türkiyənin "Yeni Şafak" qəzetinə müsahibə verib.

Məmmədov qırğın törədilən gecə ermənilərlə əli silahlı bütün Xocalı sakinlərin döyüşdüyünü deyib: “Qırğın baş verəndə mən Xocalının icra başçısı idim. Hər birimiz Xocalının son anına qədər orada idik. Torpağımızı qorumaq üçün düşmənlə son gülləmizə qədər döyüşdük. Düşmən o zaman bizdən güclü idi. Bu gücün sayəsində Xocalıda soyqırım törətdilər. 7-8 saat ərzində Xocalı yer üzündən silindi”.

Məmmədov 1988-ci ildən 1992-ci ilin fevralına qədər Xocalının mühasirədə olduğunu xatırladıb: “Xocalıya çox sayda hücum oldu. Xocalı mühasirədə tək qaldı. Heç bir dəstək gəlmədi. Hər şey çox çətin idi. Nəhayət, düşmən hücum etdi. Xilas edilən mülki şəxsləri təhlükəsiz bölgəyə gətirmək üçün 16 kilometr yol qət etdik. Mülki vətəndaşlaraı Ağdama aparan yola çıxardıq. Bu yolda bizə çox hücumlar edildi. İnsanlarımız o yolda öldürüldü. Xocalı əsgərləri mülki şəxslərin ermənilərin tələsinə düşməməsi üçün mübarizə apardılar. Onlar düşmənlə qəhrəmancasına vuruşmasaydı, orada bir nəfər də sağ qala bilməzdi".

Məmmədov 44 gün davam edən Qarabağ müharibəsində tarix yazıldığını vurğulayıb: “Bu gün erməni tərəfində olan Xocalı, Xankəndi və Xocavənd qardaşlarımızın köməyi ilə azad ediləcək. Buna ən səmimi hisslərlə inanıram. Türkiyəyə təşəkkür edirəm, minnətdaram. Türk mediası çox əhəmiyyətli bir iş gördü. Səsimizi dünyaya, beynəlxalq təşkilatlara çatdırdı. Bu fədakarlıqlara görə sizə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Onunla 2018-ci ildə Türkiyə Böyük Millət Məclisində görüşmüşdüm. Ona "İnşallah sizin köməyinizlə torpaqlarımızı xilas edəcəyik" dedik və belə də oldu. Güc birlikdədir. Bütün müsəlmanlar, Türk dünyası bir olmalıdır. Birlikdə güclü olsaq, heç kim qarşımızda dura bilməz. Çiyin-çiyinə verib bir-birimizin arxasında durmalıyıq”.

Birinci Qarabağ müharibəsində iki oğlu ilə döyüşən Məmmədovun nəvəsi Elbəy Elmanlı da 44 günlük müharibədə iştirak edib və qazi olub. Prezident İlham Əliyev Elbəy Elmanlını medalla təltif edib. Xocalıda döyüşməyin babadan nəvəyə miras qaldığını deyən Məmmədov, “Vətəni sevmək azdır, onu qorumaq və uğrunda mübarizə aparmaq lazımdır. Türklər tarixdə torpaqları uğrunda canlarından keçmiş bir millətdir. Biz belə gördük, belə yaşadık”, söyləyib.

Mənbə: ednews.net