Rusiya və İordaniya birlikdə “Kornet” TƏİRK-ləri istehsal edəcək

Rusiya və İordaniya birlikdə “Kornet” TƏİRK-ləri istehsal edəcək

Rusiyanın “Rosoboronexport” və İordaniyanın “Jadara” şirkətləri birgə “Kornet-E” tank əleyhinə idarəolunan raket kompleksinin (TƏİRK) istehsal edilməsi barədə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” dövlət korporasiyasının yaydığı məlumatda qeyd olunub.

İkinci nəsil TƏİRK-in son nümayəndəsi olan “Kornet-E” kompleksi dinamik müdafiə ilə təchiz edilən müasir və perspektivli zirehli texnikaları, mühəndis istehkam qurğularını, düşmənin canlı qüvvəsini, aşağı sürətli hava hədəflərini və suüstü obyektlərini günün istənilən vaxtında, müəyyən hava şərtlərində, passiv və aktiv optik müdaxilə şəraitində məhv etmək üçün nəzərdə tutulur.

TƏİRK-lərin daşıdığı raketlər tandem, eyni zamanda yüksək partlayıcı termobarik döyüş başlığı ilə təchiz edilib.

Taktiki və texniki xüsusiyyətlərinə görə, “Kornet” kompleksi müasir çoxməqsədli müdafiə və hücum silahlarına qarşı irəli sürülən bir çox tələblərə cavab verir və normal hava şərtlərində düşmənin 6 km-ə qədər taktiki dərinliyində quru qüvvələrinə tapşırıqlarını qısa bir zamanda həll etməyə imkan verir. Bu kompleksin dizayn həllərinin orijinallığı, yüksək texnoloji imkanları, döyüş istifadəsinin səmərəliliyi, istifadəsinin sadəliyi və etibarlılığı onun xarici ölkələrə də geniş yayılmasına şərait yaradıb.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az