CƏSUR KƏŞFİYYATÇI HƏSƏN HƏSƏNOV... -  "O, tezliklə ata olacaqdı..."

CƏSUR KƏŞFİYYATÇI HƏSƏN HƏSƏNOV... -  "O, tezliklə ata olacaqdı..."

Həsənov Həsən Səfər oğlu haqqında danışım sizə. Kür çayının sağ sahilində yerləşən Sabirabadın yetirməsi, ağlı kəsən gündən vətən sevgisini, torpaq yanğısını canında gəzdirən bir oğuldan...

Ailənin dörd övladından biri olan Həsən 3 iyun 1996-cı ildə Sabirabad rayonunun Quruzma kəndində dünyaya gəlmişdi. Yıxıla-dura böyümüş, ilk addımları ilə valideynlərinə sevinc bəxş etmişdi. Ata-anası “oğuldan oğul, qızdan qız” valideyni olduqları üçün uca Yaradandan razı idilər...

Ayla-günlə böy atan Həsən 2002-ci ildə Z.Əliyev adına Qəzli kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2014-cü ildə məktəbi bitirib vətən borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanmışdı. Xidmətini Mingəçevir “N” saylı hərbi hissədə, Quru Qoşunlarının sıralarında kəşfiyyatçı kimi kimi yerinə yetirən Həsən, vaxtaşırı komandanlığın tapşırıqlarına əsasən düşmən tərəfə keçərək lazımi hərbi məlumatları əldə edərək geri qayıdırdı. Qəlbində düşmənə sonsuz nifrəti, vətənə məhəbbət hissi yaşayan Həsən, daim qaynar nöqtələrdə olmağa can atırdı. Bu istəyi onu hətta qanunları pozmağa da vadar etmişdi. 2016-cı ildə o, məlum Aprel döyüşlərində iştirak etmək üçün xidməti hissədən icazəsiz çıxaraq ordu kəşfiyyatı qrupundan olan MAXE hərbi qulluqçularla birgə cəbhəyə getmiş, lakin komandanlıq tərəfindən geri qaytarılaraq Göranboyda bir ay əlavə xidmətlə cəzalandırırlmışdı...

2016-cı ilin may ayında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdan Həsən Həsənov müxtəlif işlərdə çalışsa da, fikri cəbhədə idi,hər gün baş verən hadisələri izləyir və orda olmaq, düşmənə həddini göstərmək üçün fürsət axtarırdı. Bu fikirlə o,Tovuz hadisələri zamanı çağırırş gözləmədən döyüş zonasına gedir, üç gün sonra isə geri dönərək könüllü cəbhəyə getmək üçün Hərbi Komissarlığa ərizə ilə müraciət edir. 2020-ci il sentyabr ayının ortalarında Müdafiə Nazirliyindən telefonuna daxil olan zənglə arzusu qismən reallaşır və 21 sentyabr günü Ölkə Prezidenti İlham Əliyevin ilk çağırışı ilə cəbhəyə yollanır...

...Sərhədə möhkəmdi, ayıq-sayıqdı,

Vətənin poladtək mətin əsgəri...

Beyləqanda yerləşən “N” saylı hərbi hissədə təlimlərə qoşulan Həsən, müharibənin ilk başlandığı 27 sentyabr günündən etibarən Ordu Kəşfiyyatı Qrupu ilə döyüşlərə qatılmışdır. Kəşfiyyatçı döyüşçü Füzuli, Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Zəngilanın dörd, Qubadlının isə üç kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi zirehli texnikasının məhv edilməsində, yaralı yoldaşlarının vaxtında təxliyyə olunmasında xüsusi igidlik göstərmiş, döyüşlərin birində düşmən mühasirəsinə düşən döyüşçülərin sağ-salamat mühasirədən çıxarılmasını təmin etmişdir.

Cəsur döyüşçü oktyabr ayının 20-də, Qubadlının Bala Soltanlı kəndi uğrunda gedən çətin və qanlı döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmış və doğulduğu Qəzli kəndində torpağa tapşırılmışdır. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir...

Həsən ailəli idi, tezliklə ata olacaqdı... Valideynləri Səfər kişi, Kifayət xanım və həyat yoldaşı Kəmalə xanım şəhidin ətrini onun sdünyaya gələcək körpəsindən almağa çalışır. Ən böyük təsəlliləri isə böyük tarixi ərazilərə malik olan bir xalqın düşmən tərəfindən əsrlərlə pozulmuş ərazi bütövlünün bərpası, Azərbaycanın bu haqlı davada qazandığı böyük və şanlı qələbəsidir...

Şahnaz Şahin,

Mia.az

 

Mənbə: www.mia.az