Əmrullah İşlər: Türkiyə-Azərbaycan birliyi prezidentlərimizin qardaşlıq münasibətləri sayəsində daha da möhkəmlənəcək

Əmrullah İşlər: Türkiyə-Azərbaycan birliyi prezidentlərimizin qardaşlıq münasibətləri sayəsində daha da möhkəmlənəcək

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə toplandıq. Çünki Qarabağ otuz ildən sonra erməni işğalından xilas edilib. Bu Zəfərlə qurur duyuruq. Amma bundan sonra da hər zaman şəhidlərimizi ehtiramla yad edəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Əmrullah İşlər söyləyib.

Ümummilli lider Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət!” ifadəsini xatırladan deputat deyib ki, Türkiyənin mənəvi dəstəyi və azərbaycanlı qardaşlarımızın mücadiləsi ilə Qarabağ düşməndən azad edilib. Bu birlik hər zaman qorunacaq və gücümüzü artıracaq.

İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri sayəsində birliyimiz daha da möhkəmlənəcək və gücümüzü bundan sonra da artıracaq.

Deputat diqqətə çatdırıb ki, Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə-Muzey Kompleksi daim ziyarət olunur və insanlar tariximizlə bağlı məlumat əldə edirlər.

Mənbə: azertag.az