“Biz Şuşa səfərində bədənimizin bir hissəsi ilə təmasları artırmalıyıq, hüceyrələrini oyatmalıyıq”

“Biz Şuşa səfərində bədənimizin bir hissəsi ilə təmasları artırmalıyıq, hüceyrələrini oyatmalıyıq”

“Mənə elə gəlir ki, jurnalistlərimizin Şuşaya getməsinin çox ciddi faydası var. Yəni biz artıq o bədənimizin bir hissəsi ilə təmasları artırmalıyıq, hüceyrələrini oyatmalıyıq, auditoriyaya bütövləşən Azərbaycanı göstərməliyik”

KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli jurnalist həmkarlarımızın Şuşaya təşkil olunacaq səfərinin əhəmiyyətindən danışıb:

“Hesab edirəm ki, əslində jurnalistlər Şuşaya prezidentin bu təklifini gözləmədən gedəydilər. İndi müəyyən təşkilati çətinliklər var, amma istəyən jurnalistlər gedir. Məsələn, mən bu yaxınlarda “Asan” radionu reportyoru Ruslan Zeynallının Şuşadan reportajına baxdım və çox da xoşuma gəldi. Mənə elə gəlir ki, jurnalistlərimizin Şuşaya getməsinin çox ciddi faydası var. Yəni biz artıq o bədənimizin bir hissəsi ilə təmasları artırmalıyıq, hüceyrələrini oyatmalıyıq, auditoriyaya bütövləşən Azərbaycanı göstərməliyik. Ona görə bu çox yaxşı və qiymətli təklifdir”.

Professorun sözlərinə görə Şuşa səfəri peşəkar şəkildə təşkil edilməlidir:

“Bunu isə peşəkar şəkildə təşkil etmək lazımdır. Məsələn, mən getdim Şuşanı gördüm yox, yəni bizim işimiz təkcə bu proseslərdə iştirak etmək, ayrı-ayrı fərdlərin ümumu mozaikasını yaratmaq deyil. Bütövlükdə biz bu prosesin ictimai dərkinə kömək edirik ki, nələr və necə baş verdi. Bir də biz bu hadisələrin auditoriyaya rənglərini göstərməliyik. Yəni dünya, ölkə, region üçün bu hadisələrin mahiyyətini izah etməliyik”.

Professor Şuşa səfərinə təkcə televiziya jurnalistlərinin deyil, digər media orqanlarının əməkdaşlarının da cəlb olunmasının ədalətli olduğunu bildirdi:

“Jurnalistlər arasında isə bölgü aparmaq yanlışdır ki, bu internet, digəri televiziya və ya yazılı media nümayəndəsidir. Yəni burda çox ədalətli bir qrup təşkil etmək lazımdır ki, medianın bütün sahələri bu səfərdə təmsil oluna bilsin. Radio da, televiziya da, onlayn media da səfərdə iştirak etməlidir. Məncə, bunu təşkil etmək o qədər də çətin olmaz”.

Qeyd edək ki, dünən ölkə başçısı İlham Əliyev jurnalistlərlə görüşündən sonra bir qrup jurnalistin Şuşaya səfərinin təşkil olunmasıyla bağlı göstəriş verib.

Mənbə: konkret.az