Yüksək Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xətirəsi anılıb

Yüksək Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xətirəsi anılıb

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və İkinci Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbulfəz Babayev Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində qazanılan zəfər səbəbindən Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il qələbə əhval-ruhiyyəsində keçirildiyini bildirib: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməli, dünyaya erməni faşizminin əsl simasını tanıtmalıyıq”.

Bu faciəyə obyektiv siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Ə.Babayev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib. Alim dünyanın bir çox ölkələrində Xocalı qətliamının soyqırımı kimi tanındığını diqqətə çatdırıb, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının faciənin dünyada ən yüksək səviyyədə tanıdılmasında əvəzsiz xidmətləri olduğunu bildirib.

Daha sonra çıxış edənlər dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımlardan təfərrüatı ilə daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Bildirilib ki, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq.

Mənbə: xalqqazeti.com