Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu Xocalı soyqırımı ilə əlaqədar ölkə parlamentinə müraciət edib

Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu Xocalı soyqırımı ilə əlaqədar ölkə parlamentinə müraciət edib

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Bratislava şəhərindəki fəxri konsulluğu Slovakiya parlamentinin sədri Boris Kollara müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a ölkəmizin Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov məlumat verib.

Qeyd edilib ki, müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı dəhşətli soyqırımı törətdikləri barədə müfəssəl məlumat verilib və insanlığa qarşı yönəlmiş bu cinayətə görə Ermənistanın məsuliyyət daşıdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da daxil olmaqla erməni rəsmilər dəfələrlə Xocalıdakı soyqırımının törədilməsini etiraf ediblər.

Fəxri konsul müraciətdə parlament üzvlərini Xocalı soyqırımı barədə məlumatlandırmağa, bəşəriyyətin ən qatı cinayətlərindən biri olan bu soyqırımını pisləməyə və tanımağa çağırıb.

Mənbə: azertag.az