Müharibəyə kompleks hazırlıq: Qələbəni təmin edən əsas səbəb

Müharibəyə kompleks hazırlıq: Qələbəni təmin edən əsas səbəb

Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbə ölkəmizin dünyadakı nüfuzuna böyük təsir göstərdi.

Torpaqları 30 il işğalda qalan bir ölkənin dünya qarşısında ədaləti bərpa etməsi və işğalçıya, onun havadarlarına yerini göstərməsi bu zəfəri daha da şanlı etdi. 30 il ərzində gedən kompleks hazırlıqlar, ordudakı təchizat və təkmilləşdirmə prosesi, cəmiyyəti psixoloji cəhətdən hazırlamaq və uyğun zamanı seçmək Ali Baş Komandanın bir Prezidendən də əlavə böyük sərkərdə olduğunu göstərdi.

Xalq- hakimiyyət-ordu birliyinin təmin etdiyi qələbənin sirri bütün Azərbaycanın uzun illər gördüyü kompleks hazırlıqlardadır.

Müharibə dövründə və müharibədən ötən müddət ərzində vəziyyətin təhlili göstərir ki, Azərbaycan qələbənin əldə olunması üçün illərlə hazırlıq işləri aparıb. Təkcə daxildə yox, beynəlxalq müstəvidə də bütün gücünü səfərbər edib, ardıcıl siyasət apararaq hətta dünyanı da buna hazırlayıb. Nəticədə həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün görülən işlər səmərəsini verib.

Qələbənin qazanılmasında gənclərin vətənpərvərllik ruhunun xüsusi rolu olub ki, bu da müharibədə silah qədər əhəmiyyəlidir. Şuşa döyüşləri Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin qəhrəmanlıq salnaməsi kimi tarixə düşməyə haqq qazanıb.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Əgər Türkiyə Cümhuriyyətinin qurulmasını nəzərə almasaq, son 200 ildə müsəlmanların qələbəsinə imkan verilməmişdi:

“Azərbaycan möhtəşəm qələbəsi ilə bu stereotipi də sındırdı. İki yüz ildir ki, Azərbaycan əraziləri parçalanıb, bölüşdürülüb və bizim torpaqlarımızda erməni dövləti qurulub. İrəvan xanlığından sonra erməni vilayəti, ardınca 1918-ci ildə müstəqil Ermənistan, daha sonra sovet Ermənistanı quruldu. Bütün bunlar hamısı Azərbaycan torpaqlarında oldu. Daha sonra da ərazilərimiz hissə- hissə azaldı. Cümhuriyyət dövründə bizim ərazilər 114 min kvadrat kilometr idi. Lakin sonra 86.6 min kvadrat kilometrə qədər azaldı. Ermənilər bununla da kifayətlənməyib Dağlıq Qarabağı öz ərazilərinə qatmağa çalışdılar. Bu, erməni siyasəti idi.

Rusiyanın da köməyi ilə Ermənistan Dağlıq Qarabağı işğal etdi və 30 il işğalda saxladı. Azərbaycan bu 30 ildə bu utancdan qurtulmaq üçün hazırlandı. Müharibə artıq sosial sifariş, təxirəsalınmaz çağırış idi. Hakimiyyət də ölçüb-biçdi və doğru zamanda doğru qərarı verdi. Nəticədə biz erməniləri, onun havadarlarını ağır məğlubiyyətə uğratdıq. Bu qələbəmizi heç kəs kiçiltməyə çalışmasın. “Beşinci kalon” bu qələbəni kiçiltməyə, öz nəzarətində olan media, siyasilər, QHT-lər vasitəsi ilə qələbəyə kölgə salmağa çalışdı. Buna həm ölkə daxilində, həm də xaricində cəhdlər oldu, amma mümkün olmadı. İndi Xankəndi və digər ərazilər qalıb ki, o ərazilərdə bizim suveren hüquqlarımız pozulur. Hesab edirəm ki, həmin ərazilərdə də hüquqlarımız bərpa edəcəyik. Buna da səbr, dözüm, iradə lazımdır. Hərbi meydanda qazandığımız uğurları siyasət meyadınında da davam etdirməliyik. Ermənistan da ağlını başına yığmalı, nəticə ilə barışmalıdır. Əks təqdirdə, növbəti dəfə Azərbaycanın “dəmir yumruğu” başını əzəcək”.

Partiya sədri qeyd edib ki, ll Qarabağ savaşında Azərbaycan gənclərinin nümayiş etdirdiyi döyüş ruhuna, xalqın ordusuna dəstəyinə dünyanın heç yerində rast gəlinməyib:

“Rusiya sülhməramlıları ilə bağlı xeyli narahatlıqlarımız da var ki, bunu dünənki brifinqdə ölkə başçısı da qeyd etdi. Ona görə hesab edirəm ki, daxildəki bütün problemlərimizlə bağlı müzakirə aparmaq, tənqid etmək olar. Lakin Qarabağ məsələsində həm müxalifət, həm də iqtidar bir olmalıdır. Azərbaycanın bu sahədə kifayət qədər imkanı, gücü var və bundan səmərəli istifadəni bacarmalıyıq. Qələbəmiz dünya miqyasında Azərbaycanın mövqeyinə çox müsbət təsir göstərdi, çünki bu qələbəyə zəmin hazırlanmışdı. Həm iqtisadi gücümüz, həm aparılan təbliğat, həm dost ölkələrlə əlaqəli fəaliyyət nəticəsində Ermənistanın yaratdığı mif dağıldı. İndi dünyanın hər yerində Azərbaycanın qələbəsi müzakirə olunur. Vətən müharibəsində qazandığımız qələbə biristiqamətli hazırlığın nəticəsi deyil, buna illərlə kompleks hazırlıq görülüb. Nəticə də göz qabağındadır, illərlə işğal altında olan torpaqlarımız azad edilib”.

Mənbə: cebhe.info