38 ölkəni təmsil edən nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinə təhdid yaradan hücumları dayandırmağa çağırıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, çağırışda nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edilib.
Siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, Rusiyanın məqsədi Ukrayna və Avropanı nüvə təhlükəsi ilə qorxutmaqdır:
“Hazırda Rusiyanın əlində nüvə şantajından başqa dəlil qalmayıb. Kreml bir tərəfdən nüvə silahından istifadə ilə hədələyir, digər tərəfdən Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini təhdid edən hücumlar təşkil edir”.
Ekspert hesab edir ki, beynəlxalq çağırışlar nəticə verməyəcək:
“Rusiyanı yalnız güclə başa salmaq olar. Ukrayna da Rusiyanın nüvə obyektlərinə və onların təhlükəsiz fəaliyyətini təmin edən enerji infrastrukturuna hücumlar təşkil etməlidir. Bu, Moskvanı nüvə şantajından əl çəkməyə vadar edə bilər”.
X.Cəfərlinin fikrincə, Qərb ölkələri də Ukraynanı dəstəkləməli və Rusiyaya təzyiqləri artırmalıdır.
Rüfət Sultan
Mənbə: www.bakupost.az