“Əlilliyi ləğv edilənlər sonradan iş tapmaqda çətinlik çəkirlər”

“Əlilliyi ləğv edilənlər sonradan iş tapmaqda çətinlik çəkirlər”

“Əlilliyi ləğv edilmiş insanlarla görüşlərimiz zamanı bir neçə məqam mənim diqqətimi çəkir. Təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini daha rahat hiss edər”.

Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Eyni zamanda, xəstəxanada müalicə müddətinin qısa olması səbəbindən təkrar müayinələr lazım olur. Bəzilərində bir neçə dəfə təkrar müayinə tələb olunur. Bu da həmin insanlarda narahatlıq yaradır. Bütün bu proseslər zamanı tibbi sənədlərin elektron sistemdə toplanması da müəyyən dərəcədə həmin insanlara böyük dəstək olardı.

Əlilliyi ləğv edilən şəxslər sonradan iş tapmaqda çətinlik çəkirlər. Əlilliyi ləğv edilən vətəndaş 1 gün əvvəl dövlət dəstəyi alırdısa, 1 gün sonra işsiz qalır. İşəgötürənlər də təssüflər olsun ki, “ixtisasınız uyğun deyil”, “sağlamlığın buna imkan vermir” deyir və nəticə etibarilə həmin insanlar özlərinə qapanırlar. Bu zaman özünüməşğulluq proqramı yada düşür. Bu baxımdan həmin proqramı inkişaf etdirməli və əhatə dairəsini genişləndirməliyik”, - deputat qeyd edib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az